...

Dünya maliyyə böhranının Azərbaycana təsiri - sorğu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 17:06 (UTC +04:00)
Dünya maliyyə böhranının Azərbaycana təsiri - sorğu

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend , müxbirlər İ.Xəlilova, E.İsmayılov/Amerikanın maliyyə böhranı artmaqda davam edir və artıq yeni mərhələyə qədəm qoyub. Ötən həftə fond birjalarında aparılan sövdələşmələr aparıcı indekslərin son üç ildə ən aşağı minimal səviyyəsində qeydə alınıb. Dow Jones indeksi dörd faizdən çox, Nasdaq isə təminən beş dəfə azalıb. Bu dövr ərzində özünü daha dözümlü göstərmiş Morgan Stanley bankının səhmləri 24,2 faiz azalıb ki, bu da 1998-ci ildən bəri ən güclü azalma hesab edilir. Morgan Stanley, ötən həftə iflasa uğramasını bəyan edən Lehman Brothers-in taleyini yaşamamaq üçün Wachovia bankı ilə birləşmək üzrə danıqşıqlara başlayıb. Lehman Brothers böyüklüyünə görə Amerikanın dördüncü bankı sayılır. Birləşməyə digər namizədlər Britaniyanın HSBC, İspaniyanın Santader, Yaponiyanın Nomura Holdings bankları və Çinin CITIC Securities broker şirkətidir.

Amerika böhranının dalğası bütün dünyanı bürüyüb. ABŞ-dakı iqtisadi böhran Rusiyanın fond bazarlarına güclü zərbə vurub. Rusiya birjalarında səhmlərin ucuzlaşması nəticəsində, Rusiyanın maliyyə bazarları üzrə Federal xidmətinin tapşırığına əsasən, РТС və ММВБ fond birjalarında sövdələşmələr dayandırılıb.

Analitiklər hesab edirlər ki, bazarda vəziyyətin düzəlməsi üçün pul bazarındakı likvidlik böhranını dəf etmək lazımdır.

Dünya maliyyə bazarlarında cərəyan edən hadisələr müxtəlif ölkələrin Mərkəzi Banklarını onlara üz verən böhranın aradan qaldırılması üzrə tədbirlər görməyə vadar edir. Belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi, Mərkəzi Avropa Bankı, Yaponiya Bankı və İngiltərə Bankı bazarlarda gərginliyin zəiflədilməsi üçün birgə fəaliyyət haqqında bəyan ediblər.

Trend agentliyi dünya maliyyə böhranının Azərbaycana təsiri barədə ekspertlər arasında sorğu aparıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov:

- Hazırda beynəlxalxal maliyyə məkanında yeni arxitekturanın formalaşması prosesi gedir və bununla əlaqədar olaraq, dünyanın maliyyə məkanında strukturyaradan elementlərlə qarşılıqlı əlaqədə əhəmiyyətli dəyişikliklər baş verir. Bu, adətən, özlərinin maliyyə-iqtisadi maşınlarını hələ möhkəmlətməmiş inkişaf etməkdə olan ölkələrin maliyyə-kredit mexanizminə ciddi təsir göstərir. Onlar maliyyə məkanında baş verən struktur dəyişikliklərinə həssas reaksiya veririlər.

Azərbaycanın bank sektorundakı likvidliklə bağlı problemlərin müxtəlif səbəbləri var. Birincisi, hərdən bankların pul ehtiyatları ilə sərbəst davranması, hərdən isə, vəsaitlərin çatışmazlığı ilə bağlı çətinliklər dövrü olur. Hazırkı problemlər təkcə dünya maliyyə böhranı nəticəsində xarici börclarla deyil, həm də dünya bazarlarında neftin qiymətinin dəyişməsi ilə əlaqədardır. Digər tərəfdən, Gürcüstandan keçən neft və qaz boru kəmərlərinin, oradakı limanların dayanması nəticəsində Azərbaycana xeyli neft dollar vəsaitlərinin gəlməsinin qarşısını almış Gürcüstandakı münaqişə, vəsait məhdudluğuna gətirib çıxarıb.  

Bundan başqa, Azərbaycan iqtisadiyyatının sıx bağlı olduğu Rusiyada Gürcüstandakı hadisələrələ əlaqədar başlamış böhran, ölkədəki iqtisadi vəziyyətə də təsir göstərir. Heç kəs bilmirdi ki, Gürcüstandakı hadisələr ciddi nəticələrə gətirib çıxaracaq. Bundan sonra Qafqaz ərazisində fəal işləyən sərmayədarlar Qafqaz bazarlarında apardıqları əməliyyatlara ehtiyatla yanaşmağa başlayıblar ki, bu da ticarət əlaqələrinə təsir göstərir.

Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktoru Şahmar Mövsümov:

- Maliyyə bazarlarındakı indiki vəziyyətlə əlaqədar olaraq, 100-150 illik tarixə malik əksər iri struktur və maliyyə təşkilatları həyəcan içindədirlər. Onların əksəriyyəti iflas astanasındadır, lakin Azərbaycanın Dövlət Neft Fondu, həmişə olduğu kimi, öz səhmlərinin idarə edilməsinə mühafizəkarcasına yanaşır və biz vəsaitlərimizi yüksəkreytinqli qiymətli kağızlarda yerləşdiririk. Böhran dövrlərində belə qiymətli kağızlara tələbat yüksələcək və onların qiyməti artmağa başlayacaq. Bir qədər pis səslənsə də, ADNF bundan fayda götürəcək.

Neft qiymətlərinin azalması, Fondun büdcəsinin formalaşmasında mühafizəkar yanaşma seçiminin düzgünlüyünü sübut edib. Ötən il büdcə proqnozlarının hesablanmasında neftin bir barelinin qiyməti $50 təşkil edirdisə, bu il bir barel üçün $70 - dır.

Lakin dünya bazarlarında qiymətli kağızların dəyərinin azalması, onun aktivlərini idarə edən ADNF -in gəlirlərinə təsir göstərəcək. Bizim hesabalmalarmıza və Norveç Neft Fondundan alınmış məlumata görə, itkilər ilin əvvəlindən indiyədək  3-4 faiz təşkil edib.

Azərbaycan Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov:

- Maliyyə böhranının Azərbaycanın sığorta bazarına göstərə biləcək mənfi nəticələrini istisna etmək olmaz. Məlum olduğu kimi, Azərbaycanın sığortaçıları, müxtəlif xarici təkrar sığorta şirkətlərində sığorta edilmiş risklərinin bir hissəsini təkrar sığorta edirlər. Böhran nəticəsində bizim sığortaçıların təkrar sığortalanmasında iştirak edən hər hansı təkrar sığorta şirkəti iflasa uğrasa və sığorta ödənişi üzrə öz öhdəliklərini yerinə yetirə bilməsə, bu onun Azərbaycan tərəfdaşlarını çox çətin maliyyə vəziyyətində qoyacaq. Təkrar sığorta ilə əlaqədar olan risklərin azaldılması üçün sığortaçılar öz təkrar sığorta proqramlarını diversifikasiya etməli, daha çox etibarlı təkrar sığortaçılar içində təkrar sığortanı bölüşdürməli, yalnız bir təkrar sığortaçıda risklərin təkrar sığortalanmasına diqqəti yönəltməməli və eləcə də, iri şəxsi kapitala malik olmalıdırlar.

MBASK Sığorta Şirkəti İdarə Heyətinin sədri Cəmil Məlikov:

- Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatına artıq təsir göstərib. Yerli bankların kredit fəaliyyətində mövcud məhdudiyyətlər buna sübutdur. Hazırda yerli banklar həm istehlak, həm də sahibkar kreditləri verə bilmir. Hətta gələcəkdə banklar xarici kapital bazarlarından götürülmüş vəsaitlərin qaytarılması ilə bağlı problemlərlə də üzləşə bilərlər.

Kredit vəsaitlərinin artırılması imkanlarının olmaması təkcə bank sektoruna yox, vəsaitlərsiz işləyə bilməyən iqtisadiyyatın digər sahələrinə də təsir göstərəcək.

İctimai maliyyə üzrə monitorinq Mərkəzinin direktoru İnqilab Əhmədov:

- Biz dünya iqtisadiyyatına çox inteqrasiya etdikcə,  belə çalxalanma və böhranlı anları daha güclü hiss edəcəyik. Nə üçün? Birincisi, bizim xaricdən idarə edilən kifayət qədər maliyyə vəsaitlərimiz var. Ölkənin Dövlət Neft Fondunun vəsaitlərindən başqa, Milli Bankın da təxminən belə böyük ehtiyatı var ki, onlar da xaricdən idarə edilir. Bu, maliyyə böhranlarının bizə daha çox risk gətirdiyi birinci məqamdır və biz buna çox ehtiyatla yanaşmalıyıq. İkinci məqam bizim sərmayə-cəlbedici ölkə olmağımızla bağlıdır. Buna görə də xaricdəki belə tərəddüd və maliyyə böhranları ilə risk edə bilmərik; bu, Azərbaycana gələn xarici şirkətlərin sərmayə axınını istər-istəməz dayandıracaq. Nəhayət, dünya maliyyə böhranı - bütün ölkələrdə iqtisadi artımın təbii azalmasıdır ki, bu da neft tələbatını azaldır, neftin qiymətini aşağı salır və bunu da biz bu gün görürük.

Biz neft hasil edən ölkəyik. Buna görə də, biz neftdən istifadə edən və bizdən neft alan əsas tərəfdaşlarımızın stabil iqtisadi artımında maraqlıyıq. Deməli, bu tərəfdən bizim artıq problemimiz var. Indi neftin bir barelinin qiyməti $90 civarındadır, bir neçə ay əvvəlsə, bu göstərici bir barel üçün $140 səviyyəsində olub. Belə nəticəyə gəlmək olur ki, Azərbaycana hər tərəfdən əngəllər yaranıb və biz ciddi itkiyə yol verə bilərik. Bu vəziyyətdə müsbət amil, Azərbaycanın dünya maliyyə institutlarına kapitalı, fond aktivləri və qiymətli kağızları ilə inteqrasiya etməməsidir. Əgər bu olsaydı, Rusiya kimi, birjaların bağlanmasına xidmət edərdi. Bizdə bu müşahidə edilmir, çünki bizim bazarın belə inkişaf etmiş seqmenti yoxdur.

Azərbaycan Nazirlər Kabinetinin iqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin keçmiş rəhbəri Oqtay Haqverdiyev:

- Dünya maliyyə böhranı Azərbaycanın iqtisadiyyatına, demək olar ki, təsir göstərməyəcək; ölkə dünyanın qiymətli kağızlar bazarında fəal iştirak etmir. İstisna xarici banklarda saxlanılan ölkənin valyuta ehtiyatları ola bilər və yalnız onlar iflasa uğraya bilərələr. Hətta bu halda da, Azərbaycan pullarını itirməyəcək, çünki onun vəsaitləri zəmanətlə qoyulub və sığorta edilib.

Iqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

- Dünya maliyyə böhranı Azərbaycandan yan keçə bilməz. Çünki Azərbaycanın valyuta ehiyatları beynəlxalq səviyyədə tanınmış banklarda və maliyyə bazarlarında yerləşdirilərək, onların idarəçiliyinə verilib və qiymətli kağızlara yatırılıb. Təbii ki,  bu proses Azərbaycanın kapitalına və idarə edilməsinə təsir göstərə bilər. Azərbycan bu prosesin aradan qaldırılması üçün əməkdaşlıq etdiyi maliyyə tərəfdaşlarının vəziyyətini diqqətlə izləməli və vaxtında çevik qərarlar qəbul etmək üçün vəziyyətin dinamikasını göstərən operativ məlumata malik olmalıdır.

Sahibkarlıq və bazar iqtisadiyatının inkişafına yardım Fondunun prezidenti, Azərbaycan Dövlət Neft Şirkətinin keçmiş prezidenti (1992- 1993 - cü illər) Sabit Bağırov:

- Əlbəttə, dünya maliyyə böhranı Azərbaycandan yan keçməyəcək.Bundan, bank və sərmayə şirkətləri daxil olmaqla, əksər maliyyə strukturları zərər çəkəcək. Biz yadda saxlamalıyıq ki, Milli Bank və Dövlət Neft Fondunun idarə etdiyi vəsaitlər yüksəkreytinqli xarici baklarda yerləşdirilib. Lakin kimsə zəmanət verə bilməz ki, bu yüksəkreytinqli bank və maliyyə institutları böhranın nəticəsi ilə üzləşməyəcək. Indi likvidlik böhranı müşahidə edilməkdədir, mənə elə gəlir ki, bütün bunlar nəzərə alınmaqla, hökumətimiz, Dövlət Neft Fondu və Mərkəzi Bankın rəhbərliyi prosesləri diqqətlə izləməli və vaxtında qərarlar qəbul etməlidirlər.    

Bu böhranla dünya bazarlarında neftin qiymətinin azalması da bağlıdır. Bütün bunlar cəm  halında baş verir, neftin qiymətinin azalması isə, təbii olaraq, Azərbaycanın gəlirlərini azaldır.

Xəbər lenti

Xəbər lenti