...

Bank Respublika-nın aktivləri il ərzində təqribən 43% faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2009 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may / Trend /

Bank Respublika-nın aktivləri 1 may 2008-ci il tarixinə olan 275,2 mln. manat ilə müqayisədə 42,8% artaraq, 1 may 2009-cu il tarixinə 392,8 mln. manata çatıb. Bu barədə bankın məlumatında bildirilir.

Hesabat dövrünə Bankın kredit portfeli 2008-ci ilin analoji dövrü ilə müqayisədə 19,9% artım nümayiş etdirərək 240,5 mln. manat təşkil edib.

2009-cu ilin 1 may tarixinə Bank Respublika müştəri hesablarında olan vəsaitlər illik 16,3%-lik artım ilə 140,5 mln. manatı keçib. Bank Respublika-da yerləşdirilən fiziki şəxslərin əmanətləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,7% artaraq 85,5 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünə əhalinin əmanətləri 2008-ci ilin analoji dövrünə olan 60,3 mln. manatla müqayisədə 19,4% artaraq 72 mln. manata yüksəlib.

2009-cu ilin yanvar-aprel ayları ərzində Bank Respublika-nın gəlirləri 22,1 mln. manat, xərcləri isə 14,97 mln. manat təşkil edib. Hesabat dövrünə Bankın balans mənfəəti 7,13 mln. manat təşkil edir.

Müştəri tələbatlarını nəzərə alaraq, aprel ayında Bank Respublika-nın bütün filial və şöbələri üzrə müştəri xidmət vaxtının bazar ertəsi-cümə günləri 17.00-dan 17.45-dək artırılmasına qərar verilib. Filial şəbəkəsinin genişləndirilməsi proqramı çərçivəsində ötən ay Bank Respublika-nın Cəlilabad şəhərində yeni filialı fəaliyyətə başlamışdır. 2009-cu ilin əvvəlindən Bank 4 yeni filial açaraq filial və şöbələrinin sayını 32-yə çatdırmışdır. Bununla yanaşı aprel ayında təcili pul köçürmələri sistemi Western Union Bank Respublika-nın Əhmədli filialını "Bütün kateqoriyalar üzrə ən yaxşı məntəqə" elan edib.

Bank Respublika, fəaliyyətini 1992-ci ildən başlamışdır. Bankın səhmdarları sırasında, səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust təmsil olunur. 1 may 2009-cu il tarixinə Bank Respublika-nın məcmu kapitalı 57 mln. manat, nizamnamə kapitalı isə 22,6 mln. manatdır.

Mayın 18-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti