...

Azərbaycan bankı DəmirBank pul köçürmələri üzrə məlumat xidmətini tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2010 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend /

DəmirBankın "149" telefon-məlumat mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri göstərməyə başlayıb. Bu barədə bankın məlumatında deyilir.

Bu xidmətin köməyi ilə müştəri banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə, ona göndərilən pulun daxil olmasını və müvafiq filialı dəqiqləşdirə bilər. Məlumat əldə etmək üçün təcili pulköçürmə sisteminin adı, adına pul göndərilmiş şəxsin adı və soyadı, köçürülən məbləğ və köçürmənin xüsusi kodu bildirilməlidir.

DəmirBankın telefon-məlumat mərkəzinə şəhər telefonu və "Azercell" nömrələrindən sadəcə 149, Bakcell və Nar Mobile nömrələrindən isə 012 149 yığmaqla zəng etmək mümkündür.

"Biz pul köçürmələri üzrə yeni inkişaf proqramına uyğun olaraq bir sıra işlər görürük. Əhalinin geniş təbəqəsini əhatə edən pul köçürmələri üzrə görüləcək işlər və hazırda tətbiq edilən məlumat xidməti müştərilərin rahatlığını artıracaq", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov deyib.

DəmirBank əhaliyə bankda hesab açmadan 200-dək ölkə üzrə pulköçürmə xidmətlərini təklif edir. Bank Western Union, Bıstraya Poçta, Migom, Contact, Zolotaya Korona, Coinstar sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. DəmirBank özünün "Şimşək" sistemi ilə əhaliyə ölkədaxili pulköçürmə xidmətləri də göstərir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti