Azərbaycan, Bakı, 29 aprel /Trend/
AGBank ilə Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda sahibkarlığın inkişafına yönəlmiş ümumi dəyəri 4,5 milyon dollar olan 2 kredit müqaviləsi imzalanıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında deyilir.
Sözügedən müqaviləni aprelin 28-də Bakıda AGBank-ın idarə heyətinin sədri Azər Mövsümov və AİB-in ticarətin maliyyələşdirilməsi şöbəsinin özəl sektorunun rəhbəri Stiven Bek imzalayıblar.
Ticarətin maliyyləşdirilməsi mexanizmi çərçivəsində iki il müddətinə imzalanmış dəyəri 3,5 milyon dollar təşkil edən birinci müqavilə hazırda istifadə olunan kredit xəttinin genişləndirilməsinə yönəldiləcək.
Bu müqavilənin şərtlərinə əsasən, AİB AGBank-ın müştərilərinin idxal-ixrac əməliyyatlarına zəmanət verəcək.
Dəyəri 1 milyon dollar həcmində olan ikinci müqavilə isə 1 il müddətində yerli sahibkarlığın dəstəklənməsini nəzərdə tutur. Bu vəsaiti AGBank revolver (mövcud resusların təkrar istifadəsi) maliyyələşmə mexanizmi ilə qısamüddətli kreditlərin verilməsi üçün istifadə edəcək.