...

Azərbaycanda orta aylıq əmək haqqı 5 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir N.İsmayılova/

2010-cu ilin yanvar-iyul aylarında Azərbaycanda orta aylıq əmək haqqının məbləği 316,3 manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisinin məbləğindən 5,3 faiz çoxdur. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən bildiriblər.

Ən yüksək əmək haqqı sənaye hasilatında, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, elmi və texniki fəaliyyət sahələrində, eləcə də tikinti sektorunda işləyənlərdə qeydə alınıb.

Müəssisə və təşkilatların işçiləri 7,4 milyon manat məbləğində sosialtəyinatlı təzminatlar alıblar. Onların əsas alıcısı sənaye hasilatı, enerji, qaz və suyun istehsalı və bölüşdürülməsi üzrə müəssisələr, maliyyə, sığorta, nəqliyyat, rabitə fəaliyyətinin işçiləri olublar.

Yanvar-iyulda adambaşına düşən nominal gəlir 1 527,4 manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 8 faiz ötür.

Adambaşına düşən real pul gəliri 8,6 faiz artımla 1 381,6 manat təşkil edib.

Yanvar-iyulda Azərbaycan əhalisinin nominal pul gəliri 13 604 milyon manat olub ki, bu da ötən ilin göstəricisindən 9,3 faiz çoxdur. Bu dövrdə əhalinin real pul gəliri 8,6 faiz artımla 12 305,3 milyon manata çatıb.

Hesabat dövründə vergilər, digər məcbiri ödənişlər və könüllü üzvlük haqları ödənildikdən sonra, əhalinin ixtiyarında ötən ilin müvafiq dövrünə nisbətdə 9,9 faiz artımla, 12,3 milyard manat qalıb.

Avqustun 16-na rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti