Аzərbaycan, Bakı, 2 sentyabr /Trend/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 512 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılıb. Bu barədə cümə axşamı nazirliyin məlumatında deyilir.
Satışdan qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, dənli məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
İstehlakçıların hüquqlarının pozulması faktları Bakının Xəzər, Yasamal, Səbail, Nəsimi, Nərimanov rayonlarında, Kürdəmir, Balakən, Quba, Gəncə və Lənkəran şəhərlərində aparılan monitorinqlər zamanı aşkar olunub.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.