...

Bakının mərkəzində hündürmərtəbəli binaların tikintisinə qadağa tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Hazırda Bakının mərkəzinə çoxmərtəbəli binaların tikintisinə icazə verilmir. Bu barədə Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin informasiya və beynəlxalq münasibətlər şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Belə icazələr Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilir.

"2009-cu ildə ölkə Prezidenti İlham Əliyev şəhərin mərkəzində hündür binaların tikintisinin dayandırılması haqqında əmr verib. Artıq başlanmış layihələr, təbii ki, başa çatdırılacaq, lakin yenilərinə icazə verilmir", - Qocayev deyib.

Bununla yanaşı, onun sözlərinə görə, hündür binalar şəhərin digər rayonlarında ucaldılacaq.

"Bu o demək deyildir ki, Bakıda hündür binalar tikilməyəcək. Məsələn, ARDNŞ-nin (Azərbaycan Dövlət Neft Şirkəti) yeni binası 42 mərtəbəli olacaq", - Qocayev qeyd edib.

Onun sözlərinə görə, yeni binaların hündürlüyü Bakının hər bir rayonunun ətraflı planlaşdırılması layihəsinə uyğun müəyyənləşdiriləcək.

2010-cu il fevralın 1-dən Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin Az.DTN / 2.3-1 - "Seysmik rayonlarda inşaat" yeni milli normativ sənədi qüvvəyə minib. Onun hazırlanması zamanı MDB-nin digər ölkələrinin analoji təcrübələri, eləcə də xarici ölkələrin layihələndirmə təşkilatlarının çoxillik təcrübələri nəzərə alınıb.

Son illər Azərbaycanda karkaslı və daş binaların tikintisinin genişləndirilməsi ilə əlaqədar bu gün Azərbaycanda hündürlüyü 12-18 mərtəbədən çox olan yaşayış binalarının seysmoloji təhlükəsizliyinin yüksəldilməsi aktual məsələyə çevrilib.

Yeni normativlər daha sərt tələblərlə fərqlənir. Həmçinin, seysmik yüklərin qiymətinin hesablanması üçün istifadə olunan əmsallar 1,5 -2 dəfə artırılıb ki, bu da dayaq qurğularının etibarlılığının artmasina gətirib çixarir. Əgər əvvəllər karkaslı yaşayış binalarının 12 mərtəbəyədək (39 metr hündürlükdə) tikintisinə icazə verilirdisə, indi yeni normativlərə uyğun olaraq, onların 16 mərtəbəyədək (58 metr hündürlükdə) tikintisinə yol verilir.

Ölkə ərazisində yeni normativ qaydalara görə, bundan sonra karkaslı sistemlər üçün təkcə 12 mərtəbəli və ya 39 metrlik yaşayış evlərinin binalarına deyil, 16 mərtəbəli və ya 58 metrlik binaların tikintisinə də icazə veriləcək. Bu zaman betonun davamlılığı B25 markasından aşağı olmamalıdır.

Daha çoxmərtəbəli binalar yalnız ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının tövsiyə etdiyi texniki şərtlər əsasında layihələşdirilə bilər.

Yeni normativlərin tətbiqi ilə əlaqədar, Dövlət Komitəsi Moskva və Ukraynadakı institutların proqramları əsasında işlənib-hazırlanmış binaların tikintisinin hesablanması proqramını artıq sifariş edib.

Dövlət Komitəsində iqlim, geoloji və hidrogeoloji şərtlər, eləcə də qonşu MDB ölkələrinin təcrübəsi nəzərə alınmaqla, layihələşdirmə fəaliyyəti ilə bağlı digər milli normativlərin işlənməsi üzrə işlər də həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti