...

Azərbaycan bankı yeni "VISA Classic kartı üçün şəxsi dizayn" xidmətini tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

"Bank Standard"ın saytında bankın müştərilərinə VISA Classic plastik kartları üçün şəxsi dizayn seçməyə imkan verən yeni bölmə açılıb. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Müştərilər istər kartın üz tərəfini, istərsə də arxasını öz zövqünə uyğun olaraq tərtib edib, həmin kartı elə internet səhifəsində, banka müraciət etmədən sifariş edə bilər.

Müştəri istədiyi şəkli bu saytda yerləşdirilmiş xüsusi qalereyadan və ya özünün şəxsi fotoşəkil arxivindən seçib dizayn üçün istifadə edə bilər. Şəxsi dizaynlı kart sifariş etməzdən əvvəl onun maketi müştəri tərəfindən saytın özündə "online" rejimində yaradılıb ona lazımi əlavə və dəyişikliklər edilə bilər.

Qeyd edək ki, /www.bankstandard.com/ saytı müştəriyə öz zövqünə uyğun dizaynı tərtib etdikdən sonra həmin kartı elə oradaca sifariş etməyə, həmçinin hazır kartı almaq üçün onun uyğun gördüyü bank filialını seçməyə də imkan verir.

Şəxsi dizaynlı VISA Classic kartı ilə alınmış mal və göstərilən xidmətin haqqını ödəmək, bankomatlardan və bank ofislərindən nağd vəsait əldə etmək olar. Müştərinin istəyindən asılı olaraq, kart hesabı manat, ABŞ dolları və ya avroda açıla bilər. Kartın dəyəri 35 manatdır.

Daha ətraflı məlumatı 158 nömrəsinə zəng etməklə almaq olar.

Xəbər lenti

Xəbər lenti