...

Naxçıvanda ilk dəfə böyrək transplantasiyası həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 13:57 (UTC +04:00)
Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə briqadası Muxtar Respublikada ilk dəfə olaraq transplantoloji əməliyyat keçirib.
Naxçıvanda ilk dəfə böyrək transplantasiyası həyata keçirilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə briqadası Muxtar Respublikada ilk dəfə olaraq transplantoloji əməliyyat keçirib.

Naxçıvanda ilk dəfə olaraq birbaşa canlıdan canlıya orqan köçürülüb. Belə ki,  Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) maliyyə dəstəyi ilə Naxçıvanda dekabrın 23-dən başlanan növbəti humanitar aksiya çərçivəsində ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Muxtar Respublikanın sakini-böyrək çatışmazlığından əziyyət çəkən  Bulud Cabbarovun üzərində böyrək transplantasiyası həyata keçiriblər. Əməliyyat uğurla nəticələnib, hazırda reanimasiya şöbəsinə köçürülən xəstənin vəziyyəti qənaətbəxşdir.

ARDNŞ Sosial İnkişaf İdarəsi mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlunun Trend-ə verdiyi məlumata görə, əməliyyat Naxçıvan Müalicə-Diaqnostika Mərkəzində, Mərkəzi Neftçilər Xəstəxanasında 2 ildir fəaliyyətə başlayan İnsan orqan və toxumalarının transplantasiyası Mərkəzinin rəhbəri, doktor Mircəlal Kazıminin rəhbərlik etdiyi 20 nəfərlik tibbi heyət tərəfindən icra olunub. Donor üzərində aparılan əmliyyatlara isə Mərkəzin həkimi Eldar Əhmədov rəhbərlik edib.

Dekabrın 24-də böyrək çatışmazlığından əziyyət çəkən daha bir Naxçıvan sakini əməliyyat masasına qaldırılacaq. Xəstələr - 18 yaşlı Bulud Cabbarov və 35 yaşlı Həbib Cəfərovun donorları öz valideynləridir. MNX-nin baş həkimi, tibb elmləri namizədi Həbib Yüzbaşıyev deyib ki, bu cür  transplantoloji əməliyyatlar Naxçıvanda ilk dəfədir həyata keçirilir.

MNX həkimlərinin şəfa verdiyi hər iki xəstənin yaxınları göstərilən yüksək diqqət və qayğıya görə Heydər Əliyev Fonduna və ARDNŞ-ə öz təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti