...

Azərbaycanda turizm fəaliyyəti üçün icazənin alınma şərtləri sərtləşdirilir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 19:49 (UTC +04:00)
2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyətinin həyata keçirilməsinə görə lisenziyanın alınma şərtlərini sərtləşdirməyi planlaşdırır.
Azərbaycanda turizm fəaliyyəti üçün icazənin alınma şərtləri sərtləşdirilir - nazir

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Ü.İsmayılova/

2011-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyətinin həyata keçirilməsinə görə lisenziyanın alınma şərtlərini sərtləşdirməyi planlaşdırır. Bu barədə cümə axşamı nazir Əbülfəs Qarayev deyib.

"Biz lisenziyanın alınması şərtlərini sərtləşdirmək niyyətindəyik və başlıca şərt yüksəkixtisaslı kadrların mövcudluğu olacaq, - nazir bildirib. - Belə kadrları olmayan turizm şirkətləri bağlanacaq".

Onun sözlərinə görə, əvvəllər turizm şirkətlərinə qarşı belə tələblər irəli sürülməyib, lakin indi mehmanxana və turizm şirkətlərinin əməkdaşlarının ali təhsilli olması məcburidir.

"2011-ci ildə "Turizm ili" çərçivəsində göstərilən xidmətlərin keyfiyyətini və fəaliyyət lisenziyasının mövcudluğunu yoxlamaq üçün monitorinqlərin keçirilməsi planlaşdırılır", - nazir qeyd edib.

"Turizm ili" çərçivəsində nazirlik ölkədə turizmin inkişafının müxtəlif istiqamətlərini nəzərdə tutan tədbirlər həyata keçirməyə hazırlaşır", - Qarayev bildirib.

Tədbirlər təsdiq edilən 2011-2014-cü illər üçün turizmin inkişafı üzrə dövlət proqramı çərçivəsində keçirilir. O, "Turizm ili"nin əsasını təşkil edir.

"Bu proqram əsasında biz ölkəyə xarici investisiyaların cəlb edilməsi, həm Bakıda, həm də ölkə regionlarında yüksək ixtisaslı kadrların hazırlanması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə tədbirlər həyata keçiririk", - nazir bildirib.

Onun sözlərinə görə, hər il Azərbaycan 20-25 beynəlxalq sərgidə iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyi 2010-cu ildə hüquqi və fiziki şəxslərə turizm xidmətlərinin göstərilməsi üçün 38 lisenziya verib. Hazırda ölkədə 207 lisenziyalı turizm şirkəti fəaliyyət göstərir.

2010-cu il ərzində 21 hüquqi və fiziki şəxsə mehmanxana xidmətlərinin göstərilməsi üçün lisenziya verilib. Hazırda ölkədə nazirliyin lisenziyası əsasında 295 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Ötən il dövlət təsnifatından mehmanxana və mehmanxana tipli 16 obyekt keçib. Nəticədə belə obyektlərin sayı 77 təşkil edib.

Xəbər lenti

Xəbər lenti