...

Bakı-Tbilisi-Qars dəmir yolu üçün əlavə maliyyələşdirmənin ayrılması məsələsi müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 17:22 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstanın dəmiryol sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatının yaradılması çərçivəsində Gürcüstandan keçən hissədə bərpa və tikinti işlərinin bahalaşması ilə əlaqədar, Azərbaycan tərəfindən əlavə maliyyələşdirmənin ayrılması məsələsinə baxılır.
Bakı-Tbilisi-Qars dəmir yolu üçün əlavə maliyyələşdirmənin ayrılması məsələsi müzakirə edilir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbirlər N.İsmayılova, E.İsmayılov/

Azərbaycan, Türkiyə və Gürcüstanın dəmiryol sistemlərini birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatının yaradılması çərçivəsində Gürcüstandan keçən hissədə bərpa və tikinti işlərinin bahalaşması ilə əlaqədar, Azərbaycan tərəfindən əlavə maliyyələşdirmənin ayrılması məsələsinə baxılır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə axşamı nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, hazırda əlavə maliyyələşdirmənin ayrılması məsələsi müzakirə olunur. Əsas vəzifə Gürcüstan tərəfi üçün yeni kredit tranşının razılaşdırılmasından ibarətdir.

Bu halda söhbət 500 milyon dollara yaxın əlavə vəsaitin ayrılmasından gedir.

Pənahov onu da qeyd edib ki, hazırda marşrutun bəzi ərazilərində qar səbəbindən tikinti-təmir işləri dayandırılıb, lakin yaxın vaxtlarda işlərin istisnasız, bütün ərazilərdə aparılacağı gözlənilir.

Gürcüstandan keçən hissə üçün Azərbaycan tərəfdən artıq ölkənin Dövlət Neft Fondundan 200 milyon dollar ayrılıb. Bu kreditin vəsaitləri illik 1 faizlə olmaqla 25 il müddətinə hesablanıb.

İkinci kredit üzrə faiz dərcəsinin 5 faizədək artırılacağı gözlənilir.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km-i Türkiyə, 29 km-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsi yenidən qurulacaq.

Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.

Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.

Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük olacaq. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti