...

Azərbaycan 2025-ci ilə yüksək gəlirli ölkələr qrupuna yaxınlaşacağını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2011 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir N.İsmayılova/

2025-ci ilə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 2009-cu ildəki 43 milyard dollardan və 2010-cu ildəki 52,1 milyad dollardan 103,6 milyard dollara çatdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə 2011-2025-ci illərdə Azərbaycanda iqtisadi inkişafın uzunmüddətli strategiyası layihəsində deyilir.

2011-2025-ci illərdə faizlərdə ortaillik nominal artım 5,7 faiz, real artım isə 2,6 faiz səviyyəsində proqnozlaşdırılır. 2010-cu ildə ölkənin ÜDM-i 5 faiz artıb.

Proqnozlara əsasən, 2025-ci ilə ÜDM-də neft sənayesinin payı 2009-cu ilin yekunları üzrə 50,9 faizdən və 2010-cu ildəki 48,5 faizdən 13,8 faizədək azaldılacaq. 2025-ci ilə ÜDM-də qeyri-neft sektorunun payının 3,2 faizdən 14,2 faizədək, kənd təsərrüfatının 2009-cu ildəki 7,3 faizdən və 2010-cu ildəki 5,4 faizdən 12 faizə, xidmətlər sektorunun müvafiq olaraq 38,6 faizdən və 27,4 faizdən 60 faizə artırılması gözlənilir.

Strategiya layihəsinə əsasən, 2025-ci ilə adambaşına düşən ÜDM-in həcmi 2009-cu ildəki 4,8 min dollardan və 2010-cu ildəki 5,8 min dollardan 9,7 min dollara artırılacaq. 2011-2025-ci illərdə faizlərdə ortaillik nominal artım 4,5 faiz, real artım isə 1,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Qeyri-neft sektoru üzrə ÜDM-in 2009-cu ildəki 21,1 milyard dollardan 89,3 milyard dollaradək artacağı gözlənilir, faizlərdə ortaillik nominal artım 9,4 faiz, real artım isə 6,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Strategiya layihəsinə əsasən, adambaşına düşən qeyri-neft ÜDM-nin həcmi 2025-ci ilədək 2009-cu ildəki 2,3 min dollardan 8,3 min dollaradək artırılacaq. 2011-2025-ci illərdə faizlərdə ortaillik nominal artım 8,4 faiz, real artım isə 5,2 faiz səviyyəsində proqnozlaşdırılır.

Bu strategiyanın həyata keçirilməsi çərçivəsində Azərbaycanın yüksək gəlirli ölkələr qrupuna yaxınlaşacağı proqnzolaşdırılır, halbuki indi o, Dünya Bankının təsnifatı üzrə adambaşına düşən ümummilli gəlirin səviyyəsi üzrə orta gəlir səviyyəli ölkələr kateqoriyasına daxildir. BMT-nin İnkişaf Proqramının təsnifatına əsasən, Azərbaycanın "insan inkişafının ən yüksək səviyyəsi" ölkələr qrupuna yaxınlaşması da proqnozlaşdırılır. İndi ölkə "insan inkişafının yüksək səviyyəsi" ölkələr kateqoriyasına daxildir.

Strategiya layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2009-2013-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə II Dövlət Proqramının yerinə yetirilməsinin birinci ilinin yekunlarına həsr edilmiş konfransda verdiyi tapşırıqlar əsasında hazırlanıb.

Xəbər lenti

Xəbər lenti