Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Axundov/
Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınması üçün 390 milyon manat lazım olacaq. Bunun 190 milyon manatı 2011-ci ilin ikinci yarısı ərzində ayrılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib.
"Köhnə hesablama sistemi və 2006-cı ilin yanvarından tətbiq edilən yeni sistem arasında müəyyən edilən pensiya məbləğində fərqin aradan qaldırılması məqsədilə "Əmək pensiyaları haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi hazırlanıb. Onun son variantı artıq Prezident Administrasiyasına təqdim edilib", - Müslümov qeyd edib.
Onun sözlərinə görə, gözlənilir ki, tezliklə qanun layihəsi baxılmaq üçün Azərbaycan Milli Məclisinə daxil olacaq.
"Müzakirələr iki ay sürəcək və ehtimallarımıza görə, ilin ortalarından biz artıq fərqin ödənilməsinə başlayacağıq və ilin ikinci yarısında bu məbləğin 190 milyon manatı istifadə olunacaq", - Müslümov qeyd edib.
2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.
Azərbaycanda 2006-cı ilədək pensiyaya çıxanların sayı 900 min nəfərdir. Bunun 675 min nəfəri hazırda 85 manat məbləğində minimal pensiya alır.
Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasında Azərbaycan Prezidenti cari ildə 2006-cı ilədək pensiyaya çıxan ölkə vətəndaşlarının pensiya təminatının yaxşılaşdırılmasının zəruruliyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu pensiyalar pensiyaçıların əmək stajı nəzərə alınmaqla təkrar hesablanacaq. Bu halda əmək stajının hər ili üçün 1,93 manatlıq əmsal tətbiq olunacaq. Hasil olunan məbləğ minimal pensiyaya əlavə olunacaq.
Hazırda ölkədə pensiyaçıların ümumi sayı 1,290 milyon nəfərə çatır.
Mayın 4-nə olan rəsmi məzənnə 0,7912 AZN/USD təşkil edir.