Gürcüstan, Tbilisi, 20 may /Trend/
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi və reabilitasiyasına Azərbaycan tərəfindən ayrılan kreditin ikinci tranşı 25 il müddətinə illik beş faizlə verilir. Trend-in məlumatına görə, bu barədə cümə günü Nəqliyyat Nazirliyindən bildirilib. İkinci tranş 575 milyon dollar həcmində vəsaitin ayrılmasını nəzərdə tutur.
Gürcüstan üçün 200 milyon dollar məbləğində birinci tranş da 25 il müddətinə, lakin illik bir faiz dərəcə ilə ayrılıb.
Azərbaycan və Gürcüstan hökumətləri arasında dəmir yolunun Marabda - Türkiyə sərhəddi (Kartsaxi) hissəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və reabilitasiyası üzrə işlərə dair sazişə edilən düzəlişlərə görə, kredit xəttinin ümumi həcmi 775 milyon dollar təşkil edir.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisi və reabilitasiyasının maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən həyata keçirilir.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.
Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb. Lakin layihənin həyata keçirilmə müddətinin razılaşdırılmasına baxmayaraq, tərəflər prosesin sürətləndirilməsi və işlərin böyük hissəsinin 2011-ci ilin sonunadək başa çatdırılması üzərində işləyirlər.
Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük təşkil edəcək.