Azərbaycan, Bakı, 24 may /Trend, müxbir А.Bədəlova/
Azərbaycan Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə ölkədə ödəniş kartları bazarının və kart infrastrukturunun inkişafına yönəldilmiş tədbirlər çərçivəsində "Visa Int." beynəlxalq kart təşkilatı tərəfindən "Visa ödəniş kartları, Ticari ekvayrinq" mövzusunda kommersiya banklarının nümayəndələri üçün seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı AMB-nin məlumatında deyilir.
Tədbirdə "Visa Int." beynəlxalq kart təşkilatı tərəfindən MDB ölkələri üzrə regional menecer Aleksandr Kalita, Cənub-Şərqi Avropa və MDB ölkələrində məhsullar üzrə menecer Sergey Koptik və Cənub-Şərqi Avropa və MDB ölkələrində ödəniş kartlarının qəbulu şəbəkəsinin inkişafı üzrə menecer İqor Noçka iştirak ediblər.
Seminarda banklar tərəfindən emissiya olunan debet kart məhsulları, əməkhaqqı kartları, təsərrüfat subyektlərində ödəniş vasitəsi kimi onlardan istifadə olunması həcminin artırılması, bu istiqamətdə mövcud beynəlxalq təcrübə haqqında geniş məlumat verilib. Həmçinin, 2011-ci ilin aprel ayında Azərbaycanda ekvayrinq bazarının inkişafı sahəsində aparılan tədqiqatın nəticələri, ölkədə ticari ekvayrinqin gələcək inkişaf istiqamətləri barəsində seminar iştirakçıları məlumatlandırılıb.
Tədbir iştirakçılarına "Visa premium" kartları haqqında məlumat verilərək, bu kartların üstünlükləri, müştərilərin tələb və ehtiyaclarına əsaslanaraq bu məhsullar üzrə effektiv satış strategiyasının əsasları haqqında müzakirələr aparılıb.