...

Azərbaycanın sığorta şirkəti "Atəşgah" Şamaxı və Ağsuda baş verən dolunun fəsadları ilə bağlı ödənişlər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /Trend/

Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" SŞ-yə sığorta hadisələri ilə bağlı Şamaxı və Ağsuda avtonəqliyyat vasitələri sahiblərindən on (10) sığorta müraciəti daxil olub. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İlkin məlumata görə, KASKO sığortası üzrə "Atəşgah" SŞ-də sığortalanmış on avtomobilə 15 may 2011-ci il tarixində Şamaxı və Ağsuda yağan dolu nəticəsində zərər dəyib. (KİV-in məlumatına görə, güclü dolu 800 yaşayış evi və 100-ə yaxın avtomobilə zərər vurub).

Hazırda şirkət "Chevrolet", "VAZ" , "Hyundai" və "Kia" markalı avtomobillərə dəyən zərərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq məlumatların toplanması ilə məşğuldur.

Sığorta qaydalarına uyğun prosedurlar bitdikdən sonra, "Atəşgah" SŞ müvafiq ödənişləri həyata keçirəcək.

2011-ci ilin əvvəlindən "Atəşgah" SŞ-nin KASKO sığortası üzrə ödənişlərinin ümumi məbləği 1 milyon manatdan artıqdır.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.

"Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası ilə birgə "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Mayın 24-nə olan rəsmi məzənnə 0,79 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti