Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Mərkəzi Bankı (AMB) M2 pul kütləsinin (dövriyyədəki nağd pulların (banklardan kənarda), maliyyə təşkilatlarının (kredit təşkilatlarından başqa) və fiziki şəxslərin hesablarındakı milli valyuta vəsaitləri qalıqlarının aprel ayı ərzində 0,8 faiz və 2010-cu ilin anoloji dövrü ilə müqayisədə 28,8 faiz artdığını bəyan edib. Bu barədə bazar ertəsi AMB-nin məlumatında bildirilir.
Belə ki, 2011-ci il aprelin 1-nə olan vəziyyətə görə, M2 göstəricisi 8176,4 milyon manat təşkil edib, aprelin əvvəlinə bu rəqəm 8115,5 milyon manat, 2010-cu il mayın 1-nə isə 6347,7 milyon manat olub.
2011-ci il mayın 1-nə olan vəziyyətə görə, nağd pul kütləsinin (M0) göstəricisi5457,8 milyon manat təşkil edib. Aprelin əvvəlinə bu göstərici 5427,1 milyon manat, 2010-cu il mayın 1-nə 4434,3 milyon manat təşkil edib.
Genişlənmiş pul kütləsi (Broad Money Supply (M3) mayın əvvəlinə 10 760,6 milyon manat olub. Aprelin əvvəlinə bu göstərici 10 757,4 milyon manat, 2010-cu il mayın 1-nə isə 8735,5 milyon manat təşkil edib.
Sövdələşmələr üçün məbləğlər (transaction money (M1) mayın əvvəlinə 6714,4 milyon manat, aprelin əvvəlinə 6608,5 milyon manat, 2010-cu il mayın 1-nə isə 5337,5 milyon manat olub.
İyunun 13-nə olan rəsmi məzənnə 0,7882 AZN/USD təşkil edir.