Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/
Çərşənbə günü Bakıda "Xəzər inşaat həftəsi" adlandırılan illik "BakuBuild-2011" inşaat sərgisi işinə başlayıb. Sərginin təşkilatçıları Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətidir.
"Sərgi Azərbaycanda tikinti bazarı üçün böyük hadisədir və onun inkişafına kömək edəcək", - açılış mərasimində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxaql əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıcın sözlərinə görə, sərgi tikinti sahəsində öz uğurlarını dünyaya nümayiş etdirmək, eləcə də xarici şirkətlərin təcrübəsini öyrənmək baxımından Azərbaycan üçün yaxşı imkandır.
Səfir deyib ki, sərgidə təmsil olunan 317 şirkətdən 60-a yaxını Türkiyə şirkətləridir.
Bu il "BakuBuild" "Bakı Ekspo" mərkəzinin üç pavilyonunda və bayır sahədə yerləşir. Bu il ekspozisiyanın sahəsi 20 faizdən çox artıb. Bundan başqa, sərgidə iştirak edən 317 şirkətdən 24-ü "BakuBuild"ə ilk dəfə olaraq qatılıb.
Sərgidəki şirkətlərdən üçdə biri Azərbaycan istehsalçıları və distribüterləridir. Onların ekspozisiya sahəsi 35 faiz təşkil edir, uzaq xaric ölkələrinin (Qərbi və Şərqi Avropa, Türkiyə, Çin, Koreya, Küveyt, BƏƏ və digərləri) ekspozisiya sahəsi 50 faiz, yaxın xaric və MDB ölkələrinin isə təqribən 15 faizdir.
"BakuBuild"də fərdi sərgilərlə yanaşı, altı kollektiv ekspozisiya da iştirak edir.
Ənənvi olaraq sərgidə Almaniya, İtaliya, Finlandiya və İran milli stendlərlə təmsil olunur. Portuqaliya ilk dəfə olaraq "BakuBuild" milli stendlə iştirak edəcək. Türkiyə istehsalçıları böyük qrupla iştirak edir.
"BakuBuild"lə yanaşı, bir-biri ilə əlaqəli olan mövzuda bir neçə sərgi keçiriləcək.
İxtisaslaşmış "Aqua-Therm Baku 2011" üçüncü beynəlxalq "İstilik, havalandırma, kondisiyalaşdırma, su təchizatı, sanitariya texnikası, ətraf mühitin qorunması texnologiyaları, hovuzlar və bərpa olunan enerji" sərgisi "Bakı Ekspo" mərkəzinin ikinci zalında yerləşəcək və İtaliya, Çin, Rusiya, Türkiyə, İsveç Finlandiya və digər öləkələrin qabaqcıl şirkətlərini toplayır. Bu il "Aqua-Therm Baku" sərgisi 40 faiz artacaq.
Bundan başqa, "Caspian MebelExpro 2011", doqquzuncu Xəzər beynəlxalq sərgisi "Mebel, interyer və dizayn", CIPS, dördüncü Xəzər beynəlxalq sərgisi "Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri" keçirilir.