...

2014-cü ilədək Bakıda məişət tullantıları poliqonu tamamilə təkmilləşdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2012 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

2014-cü ilə qədər Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu tamamilə bütün yüksək sanitar standartlara cavab verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov deyib.

"Bu, hazırda həyata keçirdiyimiz kompleks-plan işləri nəticəsində əldə ediləcək. Bundan başqa, cari ilin sonundan etibarən, həmçinin bu istiqamətdə texniki işlərin keçirilməsinə başlanılacaq", - İbrahimov qeyd edib.

Onun sözlərinə görə, bu gün "Təmiz Şəhər" ASC Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk məişət tullantılarının çeşidlənməsi üzrə yarımavtomatlaşdırılmış zavodun tikintisini aparır, tullantı daşıyan maşınların dezinfeksiyası və yuyulması məntəqəsini istismara verib, eləcə də əhalinin bu sahədə maariflənmə və məlumatlanmasına böyük diqqət ayırır.

"Balaxanı poliqonu ərazisində bərk məişət tullantılarının çeşidlənməsi üzrə 200 min ton gücü olan yarımavtomatlaşdırılmış zavodun tikintisi 2012-ci ilin mayında başa çatacaq. Bu ilin sonundan etibarən zavodda Almaniya avadanlıqlarının quraşdırılması başlanacaq", - İbrahimov deyib.

Azərbaycan Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 6 avqust 2008-ci il tarixli sərəncamına əsasən, bərk məişət tullantılarının yerləşdirilməsi və utilizasiyası "Təmiz Şəhər" ASC-yə tapşırılıb, Bakı ərazisində mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması və daşınması isə şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti