...

BVF Azərbaycana biznesin maliyyəyə çıxışını genişləndirməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 20:13 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana kiçik və orta sahibkarlığın maliyyələşdirilməyə çıxışını genişləndirməyi tövsiyə edir.
BVF Azərbaycana biznesin maliyyəyə çıxışını genişləndirməyi tövsiyə edir

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana kiçik və orta sahibkarlığın maliyyələşdirilməyə çıxışını genişləndirməyi tövsiyə edir. Trend-in məlumatıan görə, bu barədə cümə axşamı videokonfrans zamanı jurnalistlərə BVF-in ölkə üzrə missiyasının rəhbəri, Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi bildirib.

"BVF hesab edir ki, ölkə hökuməti kiçik və orta sahibkarlığın maliyyələşdirilməyə çıxışını sadələşdirməyə diqqət ayırmalıdır. Bu aspektdə ölkədə mikromaliyyələşdirmənin genişləndirilməsi və özəl kredit bürolarının yaradılması vacibdir", - İlahi deyib.

Onun sözlərinə görə, 2011-ci ildə ölkənin qeyri-neft sektoru inkişaf etməkdə davam edib. "Dünyada ərzaq məhsullarının qiymətlərinin artması səbəbindən ölkədə 2011-ci ilin əvvəlində istehlak qiymətlərinin yüksəlməsinə baxmayaraq, ilin sonuna qədər inflyasiya sabitləşib", - İlahi qeyd edib.

İlahinin sözlərinə görə, əgər ölkədə planlaşdırılan bütün büdcə xərcləri həyata keçiriləcəksə, iqtisadiyyatın həddindən artıq qızması mümkün olacaq ki, bu da inflyasiyanın səviyyəsinin artmasına təsir göstərəcək.

BFV missiyasının rəhbəri hesab edir ki, Azərbaycan iqtisadiyyatının inkişafı bütün sektorları əhatə etməlidir. Ölkədə özəl sektorun inkişafını stimullaşdırmaq məqsədilə BVF rəqabət qabiliyyətini artırmağı, ticari maneələri aradan qaldırmağı və kiçik və orta sahibkarlığın maliyyələşdirilməyə çıxışını genişləndirməyi tövsiyə edir.

BVF-in proqnozlarına əsasən, 2012-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,7 faiz təşkil edəcək ki, bu dövr ərzində neft sektoru yalnız 1 faiz, qeyri-neft sektoru isə 6 faiz artacaq. Fond 2012-ci il üçün inflyasiyanı 7,4 faiz səviyyəsində proqnozlaşdırır.

Missiya rəhbəri ölkədə kiçik bankların birləşməsi məsələsinə də toxunaraq qeyd edib ki, BVF bu prosesin könüllü həyata keçirilməsinə tərəfdardır. O, həmçinin Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsələsinə səmərəli və səliqəli yanaşmanın vacibliyini vurğulayıb. BVF özəlləşdirmə prosesi üzrə ilkin məlumatları ilin ortalarında alacaq.

Xəbər lenti

Xəbər lenti