...

Mayda Bakının ictimai nəqliyyatında vahid ödəniş sisteminin sınaqdan keçirilməsi gözlənilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2012 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın bütün ərazisində nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqi prosesinin 2014-2015-ci illərdə başa çatdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev bildirib.

Onun sözlərinə görə, bir neçə ay ərzində Kiçik Bakıda sistemin instalyasiya prosesi tamamlanacaq. Bu ilin sonunadək Bakı qəsəbələri və Abşeron yarımadasını əhatə edəcək layihənin ikinci fazası üzrə işlərin başlaması planlaşdırılır.

Abdullayev deyib ki, may ayı ərzində Bakıda ictimai nəqliyyatda vahid ödəniş sistemi üçün avadanlıqların sınaq tətbiqinin başlaması da planlaşdırılır. Bu məqsədlə paytaxtın müxtəlif hissələrində 10 avtobus marşrutu seçilib. Sınaqlar avadanlığın paytaxtda tətbiqinin davamlılığını göstərəcək.

Abdullayev qeyd edib ki, perspektivdə vahid ödəniş sistemi ictimai nəqliyyatın bütün növlərini və xüsusən də taksiləri əhatə edəcək. Bu sistemin tam tətbiqi iki il tələb edə bilər.

Həmçinin hazırda nəqliyyatın vahid idarəetmə sisteminə hava və dəmiryolu nəqliyyatının daxil edilməsi imkanları nəzərdən keçirilir.

Dəyəri 95 milyon dollar olan nəqliyyatı intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınıb.

Xəbər lenti

Xəbər lenti