Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/
Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət tədbiləri nəticəsində aprel ayında 2835 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.
Hesabat dövründə 1419 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 302 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 109 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 547 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 255 vergi ödəyicisi tərəfindən 422 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 147 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 26 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 170 ədəd mal olduğu aşkarlanıb.