Azərbaycan, Bakı, 10 may /Trend, müxbir A.Axundov/
Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondu (AİF) beşinci emissiya çərçivəsində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yerləşdirilməsini təklif edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in yaydığı məlumatda deyilir.
Məlumata əsasən, 4 investor 3 milyon manat olan beşinci emissiya çərçivəsində 4-cü tranşın əldə edilməsi üçün 47,946 milyon manat məbləğində sifariş verib. Dördüncü tranş üçün sifariş təklifi 16 dəfə üstələyib. İstiqrazların satış qiyməti 1 000 manat nominalında 100,4667 faiz təşkil edib. Bununla da dördüncü tranş tam yerləşdirilib.
Yerləşdirmə 2012-ci il yanvarın 16-da qeydə alınmış hər birinin nominal qiyməti 1000 manat olan 30 milyon manat həcmində sənədsiz, təmin edilmiş, adlı istiqrazların beşinci emissiyasından həyata keçirilir.
İstiqrazlar üzrə gəlirlilik, ödəmə tarixi 2022-ci il yanvarın 22-si olmaqla, 3 faiz təşkil edir.