...

Altı il ərzində Çin şirkətləri Azərbaycanın neft-qaz sektoruna 600 milyon dollar investisiya yatırıblar - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2012 18:08 (UTC +04:00)
1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları həcmində investisiya yatırılıb.
Altı il ərzində Çin şirkətləri Azərbaycanın neft-qaz sektoruna 600 milyon dollar investisiya yatırıblar - nazir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Axundov/

1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Pekində Çin-Azərbaycan biznes forumunda çııxşı zamanı deyib.

İkitərəfli əməkdaşlığın inkişafında ticarət əlaqələrinin əhəmiyyətini qeyd edən Mustafayev bu ilin 4 ayı ərzində Azərbaycan və Çin arasında ticarət dövriyyəsinin 60% artdığını qeyd edib.

"Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində Çinin iş adamları uğurla fəaliyyət göstərirlər. 2004-2011-ci illər ərzində Çin kapitalına əsaslanan 40 şirkət qeydiyyatdan keçib. 1995-2011-ci illər ərzində Çin şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna 102,5 milyon ABŞ dolları, neft-qaz sektoruna isə 598 milyon ABŞ dolları investisiya yatırılıb. Çin şirkətlərinin iştirakı ilə dövlət sifarişi əsasında həyata keçirilən layihələrin ümumi dəyəri 417 milyon avro təşkil edir. Çində Azərbaycan kapitallı 16 şirkət qeydiyyatdan keçib ki, onlar tərəfindən bu ölkəyə təqribən 5 milyon ABŞ dolları həcmində investisiya yatırılıb", - Mustafayev deyib.

Nazir çinli iş adamlarını Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, eləcə də sənaye parklarının yaradılması layihələrində fəal iştiraka dəvət edib.

Qeyd edək ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti iyunun 11-dən etibarən Çin Xalq Respublikasında səfərdədir.

Səfər çərçivəsində nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

İyunun 12-də Çinin kommersiya naziri Çen Deminq ilə keçirilmiş görüşdə əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb.

Görüşün sonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Çin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum, İqtisadi İnkişaf Nazirliyi və Çinin Sincan-Uyğur Muxtar Rayonu hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılması haqqında protokol, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çin və Avropa arasında Texniki və İqtisadi Əməkdaşlıq üzrə Assosiasiya (CEATEC) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Həmin gün Pekində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, AZPROMO və CEATEC-in təşkilatçılığı ilə Çin-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Çin tərəfindən rəsmi şəxslərlə yanaşı, bank, sığorta, sənaye, tikinti, şərabçılıq, arıçılıq, bağçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-dən çox iş adamı iştirak edib.

Xəbər lenti

Xəbər lenti