Azərbaycan su operatorunun Mərkəzi Laboratoriyasının yeni binası ilin sonunadək istismara veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Azərsu" ASC-nin Bakı şəhərində tikilən yeni Mərkəzi Laboratoriya binasının inşası yekunlaşmaq üzrədir. 2011-ci ildə Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsində təməli qoyulan laboratoriya binasında son tamamlama işləri aparılır. 3500 kvadratmetr sahəsi olan obyektdə hazırda daxili infrastruktur qurulur.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, içməli suyun və tullantı sularının tərkibinin beynəlxalq standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya müasir avadanlıqlarla təchiz olunacaq. Bu məqsədlə Türkiyə, Almaniya və digər Avropa ölkələrindən beynəlxalq standartlara cavab verən laboratoriya cihazları alınaraq ölkəmizə gətirilib və onların quraşdırılmasına hazırlıq görülür. Son texnologiyalara uyğun cihazlarla işləmək üçün "Azərsu" ASC-nin kimyaçı və bioloqlardan ibarət mütəxəssisləri Türkiyədə təlimlərdə iştirak edib.

Laboratoriya binasının cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur. Laboratoriya istismara verildikdən sonra İSO-17025 akkreditasiya sertifikatına təqdim ediləcək və bununla da Azərbaycanda aparılan analizlərin nəticələri beynəlxalq səviyyədə (Avropa İttifaqı və Beynəlxalq Səhiyyə Təşkilatı) qəbul olunacaq.

Hazırda "Azərsu" ASC-nin fəaliyyət göstərən Mərkəzi Laboratoriyasında suyun mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəriciləri, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin edilir və bu göstəricilər üzrə 36 parametri təhlil edilir. Yeni laboratoriya istifadəyə verildikdən sonra bu göstəricilərin sayı 75-ə çatdırılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti