...

Vergi Apelyasiya Şurasında “Qrin Hill” MMC-nin təkrar şikayətinə baxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 11:45 (UTC +04:00)
Vergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan “Qrin Hill” MMC-nin rəhbəri Qafarov Mahir İsmayıl oğlunun kameral hesablama bildirişinin ləğv edilməsi və 2006-2007-ci illərə aid vergi-hesab fakturaları üzrə ƏDV məbləğinin əvəzləşdirilməyə qəbul edilməsi barədə təkrar şikayətinə baxılmışdır.
Vergi Apelyasiya Şurasında “Qrin Hill” MMC-nin təkrar şikayətinə baxılıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Vergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "Qrin Hill" MMC-nin rəhbəri Qafarov Mahir İsmayıl oğlunun kameral hesablama bildirişinin ləğv edilməsi və 2006-2007-ci illərə aid vergi-hesab fakturaları üzrə ƏDV məbləğinin əvəzləşdirilməyə qəbul edilməsi barədə təkrar şikayətinə baxılmışdır.

Nazirlikdə Trend-ə verilən məlumata görə, araşdırma nəticəsində məlum olmuşdur ki, müəssisə 03.10.2011-ci il tarixdə 11 saylı Ərazi Vergilər İdarəsinə könüllü ərizə ilə müraciət edərək 01.05.2006-cı il tarixdən ƏDV qeydiyyatına alınmış və vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrində 2006-2007-ci illərin müvafiq aylarında əldə etdiyi vergi hesab-fakturalarına görə ƏDV məbləğlərinin əvəzləşdirilməsini tələb etdirmişdir. Qeyd edilən əvəzləşdirmə nəzərə alınmayaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə 210 min 75,42 manat əlavə vergi məbləği hesablanmışdır.

Müəssisənin vergi orqanına təqdim etdiyi bəyannamələrə və vergi orqanının uçot-məlumat bazasına əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi 2006-cı ildən bu günədək olan dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Vergi Məcəlləsinin 156.1-ci maddəsində qeyd edilmişdir ki, qeydiyyatdan keçməli olmayan, sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir. Bu səbəbdən də, Vergi Məcəlləsində onun könüllü qaydada ƏDV qeydiyyatına alınmaq hüququ müəyyən edilməmişdir.

Qeyd olunanları nəzərə alaraq, Apelyasiya Şurası təkrar şikayətin təmin edilməməsi və "Qrin Hill" MMC-nin "Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi"nin ləğv edilməsi barədə qərar çıxarmışdır.

Vergi Apelyasiya Şurasının iclasında Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan "Monokristal" MMC-nin rəhbəri Əliyev Aydın Yusif oğlunun mal qalığına görə kameral qaydada hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədəki müraciətinə də baxılmışdır.

İş üzrə toplanmış materialların müzakirəsi nəticəsində belə qənaətə gəlinmişdir ki, təkrar şikayət təmin edilməməlidir. Belə ki, 2009-cu ilin aprel ayı üzrə hesablanmış ƏDV məbləği müəssisə tərəfindən təqdim edilmiş 2008-ci ilin mənfəət vergisi bəyannaməsinə əsasən həyata keçirilmişdir. Müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin səhv tərtib olunduğunu, orada göstərilənlərin reallığı əks etdirmədiyini etiraf edərək, və qanunvericiliyin tələbini bilmədikləri üçün dəqiqləşmiş bəyannaməni təqdim etmədiklərini bildirimişdir. Vergi Məcəlləsinin 72.5-ci maddəsinə müvafiq olaraq, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

Vergi Apelyasiya Şurasının iclasında müəssisənin rəhbəri müəssisənin mühasibatlığından, hadisələrin faktiki vəziyyətindən məlumatsız olduğunu qeyd etmiş, təkrar şikayəti ilə bağlı əlavə materialların və sübutların olmadığını bildirmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür.

Müəssisə ilə vergi orqanı arasında "Vergi hesabatlarının elektron göndərilməsi haqqında" 14.12.2007-ci il tarixli müqavilə bağlanılmış və həmin müqavilədə elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodu, şifrə və parolu məxfi saxlamaq vergi ödəyicisinin öhdəliyi hesab edilmişdir. Lakin, müəssisənin rəhbəri 2008-ci ilin mənfəət vergisinin bəyannaməsinin muzdlu işçisi hesab olunmayan qeyri-peşəkar mühasib tərəfindən təqdim olunduğunu bildirmişdir ki, bu hal da onun müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etmədiyini göstərir.

Müvafiq bəyannamənin başqası tərəfindən tərtib edilməsi və ya dəqiqləşdirilmiş bəyannamənin vaxtında təqdim edilməməsi vergi ödəyicisini qanunla müəyyən edilmiş məsuliyyətdən azad etmir.

Qeyd olunanları nəzərə alaraq, "Monokristal" MMC-nin təkrar şikayətlərinin təmin edilməməsi barədə qərar çıxarılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti