...

2012-ci ildə Azərbaycanda vergi qanunvericiliyinin pozulması üzrə 417 cinayət işi başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 15:41 (UTC +04:00)
Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 417 cinayət işi başlanıb ki, bu da 2011-ci illə müqayisədə 107 iş azdır.
2012-ci ildə Azərbaycanda vergi qanunvericiliyinin pozulması üzrə 417 cinayət işi başlanıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyi tərəfindən 2012-ci il ərzində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, yalançı sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 417 cinayət işi başlanıb ki, bu da 2011-ci illə müqayisədə 107 iş azdır.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, həmin cinayət işlərindən 213-ü səyyar vergi yoxlamalarının nəticələri, 193-ü vergi borcunun ödənilməməsi, 6-sı aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı vergi orqanlarından, 5-i isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar üzrə başlanıb.

İstintaqı tamamlanmış 380 cinayət işlərindən külli miqdarda vergidən yayınma faktları üzrə 36 iş, xeyli miqdarda vergidən yayınma faktları üzrə 39 iş, qanunsuz sahibkarlıq faktları üzrə 3 iş, külli miqdarda qanunsuz sahibkarlıq faktı üzrə 3 iş, külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talama faktı üzrə 1 iş, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə 5 iş olmaqla cəmi 91 nəfər barəsində 87 iş ittiham aktı ilə baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Hesabat dövründə 293 işin icraatına xitam verilib, 18 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 199 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad ediliblər.

Cinayət işlərinin araşdırılması zamanı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 15 milyon 144,5 min manat olub. Hesabat dövründə 3 cinayət işi üzrə vergidən yayındırılmış vəsaitin dövlət büdcəsinə ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 3 milyon 301,70 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 45 nəfər tutularaq istintaqa təhvil verilib, istintaqdan yayınan 279 şəxsin məcburi qaydada gətirilməsi, 282 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.

Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından yayınan, fəaliyyətləri barədə bəyannamə təqdim etməyən və əmlakın siyahıya alınmasına maneçilik törədən 913 nəfər vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilib ki, bu 2011-ci illə müqayisədə 633 nəfər çoxdur.

Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti