...

Tbilisidə "Pasha Bank Georgia"nın açılışı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 15:10 (UTC +04:00)
Bu gün Gürcüstanın paytaxtında Azərbaycan bank bazarının aparıcı iştirakçılarından biri olan "Paşa Bank"ın ilk törəmə strukturunun təntənəli açılış mərasimi olub.
Tbilisidə "Pasha Bank Georgia"nın açılışı olub

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün Gürcüstanın paytaxtında Azərbaycan bank bazarının aparıcı iştirakçılarından biri olan "Paşa Bank"ın ilk törəmə strukturunun təntənəli açılış mərasimi olub.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, bu hadisəyə həsr edilmiş mətbuat konfransında "Paşa Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, bankın xarici ölkələrə genişləndirilməsinin ilk istiqaməti kimi Gürcüstanın seçilməsi bir çox amillərə əsaslanıb.

"Buna əsas istər ölkələrimiz arasında ildən-ilə artan ticarət dövriyyəsi, istər regional miqyasda mühüm strateji layihələrin həyata keçirilməsində birgə iştirakımız, istərsə də dövlətlərimiz arasındakı mövcud olan möhkəm dostluq əlaqələridir. Qarşımızda duran əsas məqsəd ölkələrimizin iqtisadiyyatının inkişafına öz töhfəmizi verməkdir", - Axundov deyib.

Öz növbəsində, "Pasha Bank Georgia"nın rəhbəri Anar İsmayılov bildirib ki, bank regional miqyasda sahibkarlığın inkişafı ilə sıx əlaqəli mövqedən çıxış edəcək. Elə buna görə də perspektivdə bank məhsullarının və xidmətlərinin geniş çeşidi təklif edilə bilər.

"Hazırda Azərbaycanda, o cümlədən bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bunu nəzərə alaraq, "Pasha Bank Georgia"nın əsas vəzifələrindən biri bu ölkədə fəaliyyət göstərən sahibkarların - istər yerli, istərsə də Azərbaycan şirkətlərinin maliyyə maraqlarının və tələbatlarının dəstəklənməsi və təmin edilməsi olacaq", - İsmayılov bildirib.

"Pasha Bank Georgia"nın nizamnamə kapitalı 35 milyon lari (təxminən 21 mln. ABŞ dolları) təşkil edir. Strateji planlara əsasən, yaxın 1-2 il ərzində bank 60 mln. ABŞ dollarından az olmayan aktivlər formalaşdırmağı qarşıya məqsəd qoyub. Hələ ki, "Pasha Bank Georgia" Tbilisidə Rustaveli prospekti, 15 ünvanında yerləşən bir filialla təmsil olunacaq. Lakin yaxın gələcəkdə bank şəbəkəsinin Gürcüstanın qərb istiqamətində, Batumi və ya Poti kimi şəhərlərdə genişləndirilməsi də mümkündür.

"Paşa Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətləri, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri göstərir.

Baş ofis və dörd filial ilə təmsil olunan "Paşa Bank"da 207 əməkdaş çalışır. "Europe Banking Avards 2011" çərçivəsində bank "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub.

"Paşa Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznes və sair istiqamətlərdə geniş təmsil olunan "Paşa Şirkətlər Qrupu"nun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan "Kapital Bank" da Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti