...

Azərbaycana Fransadan cins heyvanların gətirilməsi nəzərdə tutulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend/

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Fransanın südçülük sahəsində ixtisaslaşan "Lactalis" şirkətinin və Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb. Görüşün məqsədi Azərbaycanda süd istehsalının inkişafı üzrə tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində fikir mübadiləsinin aparılması olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir ölkədə kənd təsərrüfatının dinamik inkişaf etdiyini, ötən il kənd təsərrüfatının artım tempinin 6,2 faiz olduğunu, bu ilin sonuna kimi isə 6-7 faiz təşkil edəcəyini bildirib.

Abasov Azərbaycanda heyvandarlıq sahəsinin də inkişafı, o cümlədən kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin genişləndirilməsi, südçülük istiqamətində məhsuldarlığın artırılması sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin bu sahədə sahibkarlar üçün əlverişli şəraitin yaradıldığını, "Aqrolizinq" ASC tərəfindən avadanlığın güzəştli şərtlərlə sahibkarlara satıldığını bildirib.

Nazir bu kontekstdə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, 2013-cü ilin fevral ayında Fransaya rəsmi səfəri zamanı kənd təsərrüfatı naziri Kristian Le Foll ilə görüşünü xatırlayıb və iki ölkə arasında kənd təsərrüfatı sahəsində həm dövlət, həm də özəl sektor səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yaxşı zəmin olduğunu, bunun nəticəsində 2013-cü ildən etibarən Azərbaycana digər ölkələrlə yanaşı, Fransadan da cins heyvanların gətirilməsinin nəzərdə tutulduğunu və bunun da ölkəmizdə heyvandarlığın inkişafına öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb.

"Lactalis" şirkətinin nümayəndəsi Mişel Nale nazir Abasovun 2013-cü ilin fevral ayında Fransaya rəsmi səfəri zamanı şirkətin rəhbərlyi ilə keçirilmiş görüşə və görüş zamanı nazir tərəfindən irəli sürülmüş Azərbaycana səfər etmək təşəbbüsünə görə öz təşəkkürünü bildirdi. O, həmçinin bu dəvəti və hazırkı görüşü Azərbaycanda südçülük sektorunun inkişafı sahəsində hökumətin siyasi iradəsinin göstəricisi kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti