Azərbaycan, Bakı, 17 may /Trend/
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti regionlarda əhalinin sığorta üzrə maarifləndirilməsi işlərini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həyata keçirilən təbliğat və təşviqat tədbirlərinin davamı olaraq, 2012-ci il 20 may tarixindən etibarən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin əməkdaşlarının respublikanın 21 şəhər və rayonunda yerli icra hakimiyyəti orqanlarının, digər dövlət qurumlarının, büdcə təşkilatlarının və əhalinin iştirakı ilə icbari sığorta sahəsində maarifləndirmə xarakterli görüşlər keçirməsi nəzərdə tutulur.
Bazar iqtisadiyyatı şəraitində dinamik inkişaf edən Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin zəruri və əsas amillərindən biri kimi sığorta işi çıxış edir. Dövlət tərəfindən 24 iyun 2011-ci il tarixində "İcbari sığortalar haqqında" qəbul edilmiş qanun hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin icbari qaydada sığortalanmasını nəzərdə tutur.