...

Azərbaycan və Sincan Uyğur MR arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ikinci iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2013 17:39 (UTC +04:00)
İyulun 10-da Çinin Urumçi şəhərində Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilib.
Azərbaycan və Sincan Uyğur MR arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ikinci iclası keçirilib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

İyulun 10-da Çinin Urumçi şəhərində Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonu arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclası keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi və Xarici İşlər, Sənaye və Energetika, Nəqliyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələrinin daxil olduğu nümayəndə heyəti təmsil edib. Çin tərəfi isə iclasda Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Sincan Uyğur Muxtar Rayonu Xalq Hökumətinin sədr müavini Şı Daqan qonaqları salamlayaraq ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Çin arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, indiyədək iki ölkə arasında iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb.

Azərbaycan-Çin əlaqələrinin genişlənməsində ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun fəaliyyəti əhəmiyyətli rol oynayır. Nazir müavini Niyazi Səfərov ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin 22% artdığını, hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə, tikinti, bank və sığorta, kənd təsərrüfatı sahələrində 70-ə yaxın Çin kapitallı şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İşçi Qrupunun yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisi olduğunu qeyd edən nazir müavini Niyazi Səfərov İşçi Qrupun 1-ci iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib. Nazir müavini Niyazi Səfərov iclas iştirakçılarını Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar barədə məlumatlandırıb.

İclasda Azərbaycan-Çin arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, iş adamları arasında əlaqələrin genişləndirilməsi, biznes forumların, işgüzar görüşlərin keçirilməsi, hər iki ölkənin investisiya imkanları barədə informasiya mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunub.

Müzakirələrdən sonra ticarət-iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun ikinci iclasının protokolu imzalanıb.

Səfər çərçivəsində Çin şirkətləri üçün Sumqayıt Kimya Sənaye Parkının geniş təqdimatı keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan nümayəndə heyəti Çinə səfəri çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Urumçidəki texniki-iqtisadi zonanın və kimya məhsulları müəssisəsinin fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti