...

Azərbaycanda sənaye parkının ərazisində müəssisələrin yaradılması üzrə altı memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2013 11:28 (UTC +04:00)
"Təmiz Şəhər" ASC tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan Balaxanı Sənaye Parkının qurulması və parka investorların cəlb olunması istiqamətində tədbirlərini davam etdirir.
Azərbaycanda sənaye parkının ərazisində müəssisələrin yaradılması üzrə altı memorandum imzalanıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

"Təmiz Şəhər" ASC tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan Balaxanı Sənaye Parkının qurulması və parka investorların cəlb olunması istiqamətində tədbirlərini davam etdirir.

ASC-dən Trend-ə verilən məlumata görə, Balaxanı Sənaye Parkının yaradılması istiqamətində bu günədək bir çox tədbirlər görülmüşdür. Belə ki, "Ernst&Young" şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlanmış, sənaye parkı üçün ayrılmış 7 hektar ərazidə geoloji tədqiqat işləri aparılmış, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülmüş və ərazi hasarlanmışdır. Bundan başqa, sənaye parkının nümunəvi əsasnaməsi təsdiq edilmiş, parkın korporativ təşviqat materialları hazırlanmış, Azərbaycan və ingilis dilində Parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilmişdir. Artıq Balaxanı Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanması işi yekunlaşmış və tikinti-inşaat işlərinə başlanılmışdır.

Bütün bunlarla yanaşı, potensial sahibkarların sənaye parkına cəlb olunması istiqamətində də müəyyən tədbirlər görülür. Belə ki, Balaxanı Sənaye Parkında avtomobil şinlərinin oksigensiz (piroliz üsulu ilə) yandırılması nəticəsində piroliz yağlarının, karbon tozunun və metalın əldə olunması sənayesinin qurulması ilə bağlı Türkiyənin "Metem Turizm Tekstil İnşaat Ticaret Yatırım" A.Ş, plastik torbaların təkrar emalı ilə bağlı "KSC Qrup" şirkəti, PET qablarının təkrar emalı ilə bağlı "Az.Ekol" ilə qarşılıqlı anlaşma memorandumları imzalanmışdır. Ümumilikdə Balaxanı Sənaye Parkında fəalyyət göstərmək niyyətində olan şirkətlərlə indiyədək 6 anlaşma memorandumu imzalanmışdır. Yuxarıda adı çəkilən emal sahələri ilə yanaşı, parkda qablaşdırma tullantıları, elektrik və elektron tullantı və sənaye akkumulyatorlarının təkrar emalı üzrə müxtəlif şirkətlərin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Balaxanı Sənaye Parkında təkrar emal sənayesi üzrə fəaliyyət göstərəcək müəssisələr üçün 7 il müddətinə vergilərdən azadolma, digər güzəşt və üstünlüklər tətbiq ediləcək. Ümumiyyətlə, parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, daxili və xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Həmçinin, Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydanlanacaqlar.

Xatırladaq ki, Balaxanı Sənaye Parkı təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqla ölkədə "yaşıl biznes"in, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş və 19 dekabr 2012-ci il tarixində dövlət başçısı tərəfindən sənaye parkının təməli qoyulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti