...

Qiymətli Metallara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara verilmiş 13 lisenziyanın fəaliyyəti dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 14:48 (UTC +04:00)
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 373 xüsusi razılıq (lisenziya) verilmişdir.
Qiymətli Metallara Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlara verilmiş 13 lisenziyanın fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə sahibkarlar tərəfindən edilmiş müraciətlərə əsasən 373 xüsusi razılıq (lisenziya) verilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlardan 36-sı qiymətli metalların və qiymətli daşların emalı və istifadəsi ilə bağlı, 319-u dövriyyəsi ilə bağlı və 18-i surət olmaqla lisenziya verilmiş, 192950,0 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmiş, 13 lisenziyanın fəaliyyəti dayandırılmışdır.

2013-cü ilin müvafiq dövrü ərzində Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının "Qiymətli metallar və qiymətli daşlar haqqında" Qanununun tələblərinə əməl edilməsinə riayət edilməsi məqsədi ilə 48 yoxlama aparılmışdır. Aparılan yoxlamalar nəticəsində sahibkarlıq subyektlərindən ekspertiza, analiz, əyarlanma və damğalanma məqsədilə 26994 ədəd məmulatın Xidmətə gətirilməsi təmin edilmişdir.

Gətirilməsi təmin edilmiş məmulatların üzərində mənşəyi məlum olmayan saxta ad və əyar damğalarının izləri müəyyən edilmiş və əyarlarının, üzərində göstərilən əyardan aşağı əyar olduğu aşkar edilmişdir. Həmin məmulatların üzərində saxta ad və əyar damğalarının izləri təmizlənmiş və onlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanmışdır.

Nəzarət işləri zamanı Xidmətə gətirilməsi təmin edilmiş dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarına görə 232434 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.
2013-cü ildə yol verilmiş nöqsanlarla əlaqədar qanun pozuntusu aşkar edilmiş sahibkarlar barədə inzibati xətalar üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 43 qərar çıxarılmış və ümumilikdə 36600,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.

Ümumilikdə 2013-cü ildə 29800,00 manat məbləğində inzibati cərimənin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Xidmətə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2013-cü ildə isə 151518,4 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.

Ümumilikdə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ildə 1722268,4 manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.

Beləliklə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmış və istehlakçıların hüquqlarının qorunması baxımından bu nəzarət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təmin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti