...

Bu il Azərbaycanda 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 15:27 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Bakı Biznes Mərkəzində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüş keçirilib, quşçuluq sahəsinin inkişafı perspektivləri müzakirə edilib.
Bu il Azərbaycanda 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir (FOTO)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Bakı Biznes Mərkəzində quşçuluq sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri ilə görüş keçirilib, quşçuluq sahəsinin inkişafı perspektivləri müzakirə edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 40-dan çox quşçuluq təsərrüfatının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası rəhbərlərinin iştirak etdiyi görüşdə dövlət başçısının aqrar sahəyə, eləcə də quşçuluğun inkişafına xüsusi diqqət göstərildiyi vurğulanıb, əhalinin quşçuluq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib.

Sənaye üsulu ilə quş əti istehsalının torpaq vergisi istisna olmaqla bütün vergilərdən, eləcə də quşçuluq üçün avadanlıqların idxalının gömrük rüsumu və əlavə dəyər vergisindən azad olunması, yeni texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da sürətləndirib, quşçuluq təsərrüfatlarının quş əti və damazlıq yumurta üzrə istehsal gücləri artıb.

Digər dövlət dəstəyi tədbirləri ilə yanaşı, quşçuluq sahəsində investisiya layihələrinə güzəştli kreditlərin verilməsi də bu sahənin inkişafına əhəmiyyətli təsir göstərib. Belə ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən müasir texnologiyalara əsaslanan və illik istehsal gücü 55 min ton quş əti, 84 mln. ədəd damazlıq yumurta və 164,5 mln. ədəd əmtəəlik yumurta olan 39 quşçuluq təsərrüfatının maliyyələşdirilməsinə 98 mln. manatdan çox güzəştli kredit verilib. Artıq 28 quşçuluq təsərrüfatı istifadəyə verilib, 2014-cü il ərzində daha 11 quşçuluq təsərrüfatının fəaliyyətə başlaması gözlənilir.

Görülən işlərin nəticəsidir ki, son 3 ildə quş əti istehsalı 1,5 dəfədən çox artaraq 2013-cü ildə 97,3 min tona, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,6 dəfə artaraq 55 min tona çatıb.

Bununla belə, quş ətinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi və bu sahədə ixrac potensialının yaradılması üçün geniş imkanlar var.

Görüşdə bu istiqamətdə sahibkarların təklifləri dinlənilib, quşçuluğun inkişafı, xüsusilə sənaye üsulu ilə quş əti istehsalının daha da artırılması imkanları barədə müzakirələr aparılıb.

Sonda İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin, Quşçuluq Cəmiyyətinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması qərar alınıb. İşçi qrupuna quşçuluq sahəsində mövcud vəziyyəti təhlil etmək, bu sahənin sürətli inkişafı üçün görüləcək tədbirlər barədə təkliflər hazırlamaq tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti