...

Azərbaycan və Aİ sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 14:17 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşüb.
Azərbaycan və Aİ sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 1 fevral /Trend/

İqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş.Mustafayev Azərbaycan və Aİ arasında əlaqələrin çoxşaxəli olduğunu, Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Bildirilmişdir ki, indiyədək Azərbaycanla Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində fəaliyyət planı, "Şərq tərəfdaşlığı" təşəbbüsü, viza sadələşdirilməsi haqqında saziş və digər mühüm sənədlər imzalanıb. Hazırda Azərbaycanla Aİ arasında digər əməkdaşlıq sənədləri ilə bağlı müzakirələr aparılır. Azərbaycan Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu baxımdan, 2014-cü il Azərbaycan-Avropa İttifaqı strateji əlaqələrinin formatının müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının fəaliyyətinin, tvinninq, TAIEX, "Sigma", büdcəyə dəstək yardım alətlərinin ölkəmiz və Avropa İttifaqı arasında əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub. Görüş zamanı, həmçinin regionların sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkəmizdə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanın sosial-iqtisadi inkişafı və regiondakı rolu barədə məlumat verən Ş.Mustafayev ölkəmizin regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırıb, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım M.Mard Azərbaycan və Aİ arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti