...

Şəmkirdə "Azərbaycan regionları yeni inkişaf mərhələsində" mövzusunda tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Şəmkirdə "Azərbaycan regionları yeni inkişaf mərhələsində" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycan Respublikası Prezidentinin bölgələrin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların sosial-iqtisadi inkişafının əsas prioritetlərdən olduğunu qeyd edib. Regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının icrası uğurla başa çatıb. Bu proqramların icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində uğurlar əldə edilib, qeyri-neft sektoru daha da inkişaf edib, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artıb, sahibkarlıq fəaliyyəti genişlənib, regionlarda yeni müəssisə və iş yerləri açılıb.

Tədbirdə regionların inkişafı siyasətinin qarşıdakı illərdə də davam etdiriləcəyi diqqətə çatdırılıb. Vurğulanıb ki, dövlət başçısı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda infrastruktur layihələrinin icrasının tam başa çatması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalı, sahibkarlığın inkişafına dəstəyin davam etdirilməsi, sənaye zonalarının yaradılmasının davam etdirilməsi, turizmin inkişafı, elektrik xətlərinin yenilənməsi, qazlaşdırma, su-kanalizasiya xətlərinin, kənd və şəhərlərarası yolların tikintisinin davam etdirilməsi, bölgələr üzrə ixtisaslaşmanın aparılması, ailə-fermer təsərrüfatlarının, aqroparkların, logistik mərkəzlərin yaradılması, bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, fermerlərin elektron qeydiyyat sisteminin və torpaqların elektron uçot sisteminin yaradılması və s. istiqamətlərdə tədbirlərin görülməsi barədə tapşırıqlar verib. 2014-2018-ci illəri əhatə edəcək yeni "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların inkişafında yeni mərhələ olacaq.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.

Nazirliyin Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Emin Qasımov çıxışlarında Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğı, ölkədə istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara ixrac imkanları, elmi təminat və kadr potensialının gücləndirilməsi və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat veriblər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti