...

Fazil Məmmədov: Bu ilin birinci rübündə ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 08:05 (UTC +04:00)
Son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir.
Fazil Məmmədov: Bu ilin birinci rübündə ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Son illər maliyyə sabitliyi indeksinin dünyanın əksər ölkələrində mənfi saldo üzrə qeydə alınmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində ÜDM-in həcmi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 13 milyard 150,7 milyon manat, qeyri-neft sahəsi üzrə isə 8,8 faiz artaraq 7 milyard 204,3 milyon manat təşkil etmişdir. Əhalinin ümumi gəlirlərinin 4,5 faiz artması fonunda inflyasiyanın səviyyəsi cəmi 2 faiz olmuşdur.

Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı vergilər naziri Fazil Məmmədov deyib.

Vergilər naziri Fazil Məmmədov bildirdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsi ölkəmizin iqtisadi sahədə böyük uğurlara imza atmasına zəmin yaratmışdır. Bu fakt beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb.

Azərbaycanın strateji valyuta ehtiyatlarının artdığını və bütün bunların ölkədə sabit iqtisadi bazanı daha da möhkəmləndirdiyini diqqətə çatdıran Fazil Məməmmədov deyib ki, hesabat dövründə dövlət büdcəsinin mədaxili 106,1 faiz yerinə yetirilməklə büdcəyə səfərbər edilmiş 4 milyard 482,7 milyon manat vəsaitin 1 milyard 762,9 milyon manatı Vergilər Nazirliyinin, 330,4 milyon manatı Dövlət Gömrük Komitəsinin, 2 milyard 342,6 milyon manatı isə Dövlət Neft Fondunun hesabına təmin edilmişdir. Dövlət Neft Fondundan edilən transfertlər istisna olmaqla dövlət büdcəsinə daxilolmaların 36,7 faizi neft-qaz sektorunun, 63,3 faizi isə qeyri-neft-qaz sektorunun payına düşmüşdür.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 milyard 374,3 milyon manat icra edilmişdir. Büdcə xərclərinin 21,8 faizi və ya 954,3 milyon manatı sosial yönümlü olmaqla, 2013-cü ilin birinci rübü ilə müqayisədə 58,2 milyon manat və ya 6,5 faiz çox təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təhsil xərclərinə 8,5 faiz, səhiyyə xərclərinə 18,6 faiz çox vəsait yönəldilmişdir.

F.Məmmədov qeyd edib ki, ölkədə uğurlu investisiya siyasətinin aparılması nəticəsində bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 125,9 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 7 faiz çoxdur.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1014 sahibkara 44,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2400-dən çox yeni iş yeri yaradılmışdır. Ayrılan güzəştli kreditlərin 76,5 faizi aqrar sektorun, 23,5 faizi isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilmişdir.

Nazirin sözlərinə görə, dünya ölkələri arasında iqtisadi inkişaf templərinə görə lider mövqedə qərar tutan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri də mövcud tərəqqinin yalnız ölkə paytaxtını deyil, bütün regionları, hər bir bölgəni əhatə etməsidir.
Regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət proqramının icra olunduğu 10 il ərzində regionlarda qeydiyyata alınan sahibkarlıq subyektlərinin sayı 7,2 dəfə, vergi daxilolmaları 12,7 dəfədən çox artmışdır. Respublikanın şəhər və rayonları üzrə vergi gəlirlərinin artımı artıq Sumqayıt, Şirvan, Mingəçevir şəhərlərinə, eləcə də Abşeron və İmişli rayonlarına öz xərclərini tamamilə yerli gəlirlər hesabına təmin etməyə imkan yaratmışdır.

F.Məmmədov bildirib ki, hesabat dövründə müvafiq Fərman və Sərəncamlarınız ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində müstəsna rol oynayacaqdır.

Təkcə bu ilin birinci rübündə regionlarda 100-ə yaxın sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 500-dək müəssisənin isə tikintisi davam etdirilir: "Ölkəmizin ən böyük sərvəti onun insanlarıdır" sözləriniz və maliyyə kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl siyasət, sağlam və təhsilli gənc nəslin yetişdirilməsi ilə bağlı qəbul etdiyiniz qərarlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Gənc nəslin sağlam böyüməsi yolunda Heydər Əliyev Fondunun əvəzsiz fəaliyyəti, habelə ən müasir standartlar səviyyəsində yeni uşaq bağçaları və körpələr evlərinin tikintisi və köhnələrinin təmiri xüsusilə təqdirəlayiqdir. Tərəfinizdən həyata keçirilən təhsil və inkişaf Strategiyasının davamı olaraq cari ilin yanvarın 1-dən məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evləri 10 il müddətinə bütün vergilərdən azad edilmişdir".

Nazir qeyd edib ki, əhalinin sosial problemlərinin həlli, o cümlədən vətəndaşlara geniş çeşidli xidmətlərin göstərilməsi, bürokratik əngəlləri aradan qaldırmaqla vətəndaş-dövlət münasibətlərində şəffaflığın və "vətəndaş məmnunluğunun" təmin edilməsi məqsədilə bilavasitə müəllifi olduğunuz "ASAN xidmət" konsepsiyası, möhtərəm cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi müasir Azərbaycanın brendinə çevrilmişdir: "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti dövründə 1 milyondan çox vətəndaşa keyfiyyətli xidmətlər göstərilmişdir.

Cari ilin fevral ayında Avropa Parlamentində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə "İnnovasiya və Mobil imza-Avropa ilə yeni rəqəmsal inteqrasiya vasitəsi kimi" mövzusunda keçirilən konfransda ilk dəfə olaraq elektron imzalar vasitəsilə Vergilər Nazirliyinin və Estoniyanın Sertifikat Mərkəzləri arasında Anlaşma Memorandumu imzalanmışdır ki, bu da 2013-cü ilin may ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilən müasir tipli Mobil imzanın "Asan İmza"nın beynəlxalq əməliyyatlarda tanınmasına və ölkələr arasında sərhədsiz rəqəmsal inteqrasiyaya nail olmağa imkan verir.

Elektron xidmətlərin dairəsinin daha da genişləndirilməsi və mütərəqqi ödəniş sistemlərinin tətbiqi məqsədilə imzaladığınız daha bir Fərmanla "Asan ödəniş" sisteminin yaradılması barədə müvafiq tapşırıqlar verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Vergilər Nazirliyinin birgə həyata keçirdiyi bu layihənin nəticəsi olaraq inzibati cərimələrin və məhkəmə qərarı ilə ödənilməli olan vəsaitlərin onlayn rejimdə ödənilməsi vətəndaş-məmur münasibətlərini minimuma endirəcək, ölkə vətəndaşlarının bütün sahələrdə Sizin diqqət və qayğınızla əhatə olunmasının daha bir bariz nümunəsi olacaqdır".

F.Məmmədov bildirib ki, ölkəmizdə maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə zərurət yaradır ki, bu məqsədlə də yaxın bir ildə müəyyən edilmiş meyarlara cavab verən obyektlərdə aidiyyəti banklarla birlikdə quraşdırılacaq POS-terminalların sayının 80 minə çatdırılması nəzərdə tutulmuşdur: "Ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində daha yüksək inkişaf göstəricilərinə malik olan iqtisadiyyatımız əhalinin etibarlı sosial müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.

Bir sıra inkişaf etmiş ölkələrdə işsizliyin sayının artımı fonunda Azərbaycanda iş yerlərinin bağlanması kimi mənfi meyl olmamış, əksinə hesabat dövründə 29 minə yaxın yeni iş yeri açılmışdır.

Təsadüfi deyil ki, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə Azərbaycan "yuxarı orta gəlirli" ölkələr kateqoriyasına aid edilmişdir.

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Əmək Məcəlləsinə olan dəyişikliklər vətəndaşların əmək hüquqlarının qorunmasına və layiqli pensiya təminatına olan dəstəyinizi bir daha sübut etmişdir. Əmək müqaviləsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması əmək hüquqlarının qorunması ilə yanaşı, qeyri-leqal məşğulluğun aradan qaldırılmasına, bu sahədə elektron nəzarət sisteminin qurulmasına imkan verəcəkdir".

Fazil Məmmədov sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından danışaraq bu istiqamətdə xüsusi Dövlət proqramlarının icra olunduğunu söylədi. Vergilər naziri "Sənaye ili" çərçivəsində vergi güzəştlərinin tətbiqinin sənayenin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti