Azərbaycan, Bakı, 24 may /Trend/
23 may 2014-cü il tarixdə Quba şəhərində Japan Tobacco International (JTI) şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi və tütün məhsullarının qeyri-qanuni ticarətinə qarşı mübarizə sahəsində ikinci qısamüddətli ixtisaslaşmış seminar keçirilmişdir.
Şirkətdən şənbə günü Trend-ə verilən məlumata görə, JTI şirkətinin Almaniya və İsveçrədən olan ekspertləri tərəfindən keçirilən seminarda Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsində, Sumqayıt Baş Gömrük İdarəsində və Xaçmaz Gömrük İdarəsinin "Samur", "Xudat" və "Yalama" gömrük postlarında xidmət göstərən 25 gömrük əməkdaşı iştirak etmişdir.
İlk belə seminar JTI şirkəti tərəfindən Dövlət Gömrük Komitəsinin Aparatının və ərazi Gömrük İdarələrində xidmət göstərən gömrük əməkdaşları üçün cari ilin 19 fevral tarixində keçirilmişdir. Qarşılıqlı razılıq əsasında təlimin regionlarda da davam etdirilməsi qərara alınmışdır.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Fikrət Ələsgərli Azərbaycan Respublikasınıın gömrük orqanları tərəfindən saxta və keyfiyyətsiz tütün məhsullarının qeyri-qanuni ticarəti ilə ciddi mübarizə aparıldığını qeyd edərək, gömrükçülər tərəfindən bu kimi məhsulların ölkə ərazisinə idxal olunmasının qətiyyətlə qarşısının alınmasının vacibliyini vurğulamış, seminar sonunda əldə olunan biliklərin gündəlik iş rejimində tətbiq olunması istiqamətində öz tövsiyyələrini vermişdir. Eyni zamanda, o, JTI şirkətinə belə seminarın təşkil edilməsinə görə öz təşəkkürünü bildirmişdir.
Seminar zamanı Almaniya və İsveçrədən olan mütəxəssislər dünya praktikasından misallar gətirib beynəlxalq səviyyədə tanınmış qaçaqmalçılıq kanalları, üsulları, faktları barədə ətraflı məlumatlar verərək bu barədə aidiyyəti təqdimatlar keçirmişlər. Seminar təşkilatçılar tərəfindən saxta tütün məhsullarını müəyyən etmək məqsədilə gömrük əməkdaşlarına xüsusi ultrabənövşəyi işıqla təchiz olunmuş portativ lampalar və böyüdücü şüşələr təqdim olunmuşdur. Seminarın sonunda iştirakçılara kontrafakt tütün məhsullarının müəyyənləşdirilməsi üzrə təlim keçdiklərinə dair sertifikatlar təqdim olunmuşdur.
JTI şirkəti gələcəkdə də Dövlət Gömrük Komitəsinin digər gömrük əməkdaşları üçün oxşar seminarların keçirilməsini planlaşdırır.