...

Gələn ildən Azərbaycanda fiziki şəxslərdən alınacaq əmlak vergisi yeni üsulla hesablanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2014 17:04 (UTC +04:00)
2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyəcəklər. Hazırda vergi binaların inventarlaşdırılmış dəyərindən tutulur.
Gələn ildən Azərbaycanda fiziki şəxslərdən alınacaq əmlak vergisi yeni üsulla hesablanacaq

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İlahə Xəlilova/

2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsindən asılı olaraq ödəyəcəklər. Hazırda vergi binaların inventarlaşdırılmış dəyərindən tutulur.

Trend-in məlumatına görə, ötən gün Milli Məclis tərəfindən qəbul edilmiş Vergi Məcəlləsinə dəyişikliklərə əsasən, əmlak vergisi 30 kvadratmetri ötən sahənin hər kvadratmetrinə görə hesablanacaq.

Müvafiq olaraq, 30 kvadratmetrədək sahə əmlak vergisinin ödənilməsindən azad olunur. Qüvvədə olan qanunvericiliyə görə, əmlakın dəyəri 5 min manatdan azdırsa, vergi tutulmur. Dəyər bu məbləği keçərsə, vergi binanın dəyərinin 0,1 faizini təşkil edir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Məcəlləyə dəyişikliklərə əsasən, gələn ildən aşağıdakı vergi dərəcələri tətbiq olunacaq:

Yaşayış məntəqələri

Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla)

Bakı

0,4

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

0,3

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla) rayon mərkəzləri

0,2

Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

0,1

Bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunacaq.

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunacaq:

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar

10 000 kv.m-dək olduqda

10 000 kv.m-dən yuxarı olan hissə üçün

10 000 kv.m-dək olduqda

10 000 kv.m-dən yuxarı olan hissə üçün

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

10

20

0,6

1,2

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2

Vergi Məcəlləsinin qəbulundan keçən dövr ərzində əmlak vergisinin bələdiyyələr tərəfindən yığılması mümkün olmadığı üçün bu dəyişikliklərə zərurət yaranıb. Belə ki, əmlak vergisi vətəndaşların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Binaların isə inventarlaşdırılmış dəyəri müəyyən edilməyib.

"Yerli (bələdiyyə) vergi və ödənişlər haqqında" qanuna edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.

Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməlidir.

Azərbaycanda 1600-dən çox bələdiyyə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti