...

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 16:08 (UTC +04:00)
Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum olub.
Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum oldu

Azərbaycan, Bakı, 7 iyul /Trend/

Balaxanı Sənaye Parkında fəaliyyət göstərəcək ilk şirkətlər məlum olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq, "Təmiz Şəhər" ASC tərəfindən parkda fəaliyyət göstərəcək ilk 2 şirkət qeydiyyatdan keçirilib. Bunlar işlənmiş mühərrik yağlarının emalı ilə məşğul olan "Ekokat" MMC və plastik butulkaların emalı sahəsində fəaliyyət göstərən "Az.Ekol." MMC-dir.

Qeyd edək ki, Balaxanı Sənaye Parkının yaradılmasında başlıca məqsəd təkrar istehsal sahəsində maraqlı olan sahibkar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şərait və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatını asanlaşdıracaq və istehsal edilmiş məhsulun daha əlverişli şərtlərlə bazara çıxarılmasına imkan yaradacaq.

"Yaşıl biznes"ə, xüsusilə tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə sahibkar və investorlar üçün parkda lazımi infrastrukturun yaradılması planlaşdırılır. Belə ki, ərazidə yol salınacaq, elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Parkın girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək, lazımi ilkin infrastruktur yaradılacaq.

Parkın rezidentləri 7 il ərzində sənaye parkında fəaliyyət göstərdiyi zaman 4 növ vergidən: mənfəət, torpaq, əmlak vergilərindən və idxal olunan avadanlığın əlavə dəyər vergisindən azad olunurlar. Sənaye parkında fəaliyyətlə bağlı aşağı icarə qiymətləri ilə istehsalat sexləri, ofis əraziləri, anbarlar və yardımçı sahələri icarəyə götürmək imkanları əldə edirlər. Bundan başqa, parkın rezidentləri güzəştli şərtlərlə kredit əldə etmək imkanından yararlana bilərlər.

Sənaye parkı Bakı şəhərinin Balaxanı qəsəbəsində 7 hektar ərazidə yerləşir. Parkla bağlı daha ətraflı məlumat əldə etmək və on-layn müraciət üçün sənaye parkının rəsmi səhifəsi (www.bsp.az) fəaliyyət göstərir. Hazırda sənaye parkında fəaliyyət göstərmək istəyən digər şirkətlərlə də danışıqlar aparılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən olan Balaxanı Sənaye Parkının yaradılması qərara alınıb. Dövlət başçısının 28 dekabr 2011-ci il tarixli "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncamları ilə İqtisadiyyat və Sənaye Nazirliyinə Balaxanı Sənaye Parkının fəaliyyətinin təşkili, tənzimlənməsi və inkişafı, xarici və daxili infrastrukturun yaradılması, ofis, konsaltinq, laborator müayinə və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və s. tapşırıqlar verilib. Bu tapşırıqların icrası istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti