Azərbaycan, Bakı, 16 avqust/Trend, müxbir Emil İsmayılov/
2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan ərazisi ilə Avrasiya nəqliyyat dəhlizi (TRACECA, Avropa-Qafqaz-Asiya) üzrə 28,1 milyon ton yük daşınıb. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 29 milyon dollar təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin 2014-cü ilin ilk 7 ayı üzrə hesabatında deyilir.
Hesabata görə, daşınan yüklərin ümumi həcmindən 49,7 faizi avtomobil nəqliyyatı, 33,9 faizi dəmir yolu, 16,4 faizi isə dəniz nəqliyyatının payına düşüb.
Məlumata əsasən, hesabat dövründə dəhliz çərçivəsində 149,4 milyon nəfər daşınıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7,7 faiz üstələyir.
Hesabat dövründə dəhliz çərçivəsində daşımalardan əldə edilən gəlirlər 242,5 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin ilk 7 ayının göstəricisini 7,1 faiz üstələyir. Qeyd edilən dövrdə sərnişin daşımalardan əldə edilən gəlilər 52,3 milyon manat olub ki, bu da 2013-cü ilin müvafiq dövründən 12,6 faiz çoxdur.
Qeyd edək ki, 2013-cü ilə dəhlizin Azərbaycan seqmenti vasitəsilə 59 milyon ton yük daşınıb ki, bu da 2012-ci ilin göstəricisindən 3,8 faiz çoxdur.
TRACECA-nın iştirakçı dövlətləri Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və İrandır.