...

Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-yə müraciət etmiş "Azerbaijan Fibro Cement" Məhdud Məsuliyyətli Cəmiyyətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bununla da Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 4-ə çatıb.

"Azerbaijan Fibro Cement" MMC sənaye parkının ərazisində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 mln. m2 fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək. Ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz ediləcək zavodda 150-200 nəfərin işlə təmin olunması nəzərdə tutulur. İstehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə ixracı da planlaşdırılır. Yeni yaradılan müəssisənin layihələndirilməsi, müasir avadanlıqlarla və qabaqcıl texnologiyalarla təchiz olunması Avropanın bu sahədə aparıcı şirkətlərindən olan Avstriyanın "MFL" şirkəti tərəfindən təmin ediləcək.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin tam təşkili və investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti