...

Azərbaycan bu il də "İTB Berlin" beynəlxalq turizm sərgisində təmsil olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2015 12:45 (UTC +04:00)
Almaniyanın paytaxtı Berlin şəhərində 4-8 mart tarixlərində dünyanın aparıcı və ən böyük turizm sərgilərindən “İTB Berlin” sərgisi keçirilir.
Azərbaycan bu il də "İTB Berlin" beynəlxalq turizm sərgisində təmsil olunur

Azərbaycan, Bakı, 6 mart /Trend/

Almaniyanın paytaxtı Berlin şəhərində 4-8 mart tarixlərində dünyanın aparıcı və ən böyük turizm sərgilərindən "İTB Berlin" sərgisi keçirilir. Sərgidə Azərbaycan tərəfi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin başçılıq etdiyi rəsmi nümayəndə heyəti, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət rəqs heyəti, eləcə də Bakı Turizm İnformasiya Mərkəzi, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, 13 yerli turizm şirkəti və 3 mehmanxananın nümayəndələri ilə təmsil olunur. Azərbaycan təmsilçiləri 104 m²-lik ölkə stendində Azərbaycanın turizm potensialıni nümayiş etdirməklə yanaşı, zəngin mədəniyyətini də təbliğ edirlər.

Mart ayının 5-də "İTB Berlin" sərgisində Azərbaycanın milli stendində tədbir keçirilib. "İTB Berlin" sərgisində iştirak edən turizm şirkətlərinin nümayəndələri, beynəlxalq turizm sənayesinin təmsilçiləri, turizm sahəsi üzrə ekspertlər və mətbuat nümayəndələrinin qatıldığı tədbirdə ölkəmizin turizm imkanları haqqında təqdimat edilib.

Azərbaycan Respublikasının AFR-dəki fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov tədbirdə çıxış edib. Səfir Azərbaycan stendinin qonaqlarını salamlayıb, ölkəmizdə turizm infrastrukturunun inkişafına yönələn fəaliyyətdən, "İTB Berlin" sərgisi ilə uğurlu əməkdaşlıqdan, Azərbaycanın yaxınlarda Bakı 2015 1-ci Avropa Oyunları kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcəyindən danışıb.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri rəqs proqramı ilə çıxış edib. Çıxışlardan sonra tədbirdə iştirak edən 25-dək beynəlxalq turizm şirkətinin nümayəndələri Azərbaycan stendində təmsil olunan şirkətlərinin təmsilçiləri ilə biznes görüşləri üçün bir araya gəlib, əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tədbir iştirakçıları Azərbaycan mətbəxinin nümunələrinə qonaq edilib.
"İTB" beynəlxalq turizm sərgisi hər il ənənəvi olaraq "Messe Berlin" sərgi kompleksində, 160 min m² təşkil edən ərazidə və 26 sərgi zalında təşkil olunur. Bu ilki sərgidə 180 ölkədən 10 mindən artıq iştirakçı təmsil olunub.

Ölkəmiz "İTB Berlin" beynəlxalq turizm sərgisində 2002-ci ildən etibarən hər il təmsil olunur. "İTB" beynəlxalq turizm sərgisində iştirak Azərbaycanın turizm potensialının Almaniya və dünya turizm bazarında tanıdılması baxımından çox faydalıdır. Azərbaycan təmsilçilərinin sərgidəki fəaliyyəti, ölkəmizə aid stendlərin verdiyi məlumat, eləcə də sərgidə iştirak edən Azərbaycan turizm şirkətlərinin qurduğu əlaqələr və qarşılıqlı turist mübadiləsinə dair imzaladığı müqavilələr Azərbaycana Almaniyadan və dünyanın digər ölkələrindən gələn turist sayının artmasına töhfə vermiş olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti