...

Azərbaycanda milli valyutanın devalvasiyası korporativ istiqrazlara marağı azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2015 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Azad Həsənli/

Bazardakı əməliyyatların sayında 22%-lik artım müşahidə olunsa da, investorların uzunmüddətli aktivlərə, bazarda likvidliyi təmin olunan korporativ istiqrazlara marağı azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu sözləri komitə sədri Rüfət Aslanlı 2015-ci ilin ilk rübünə həsr olunan kollegiya iclasında deyib.

Onun sözlərinə görə, bu, fevralın 21-də manatın məzənnəsinin dəyişməsi ilə bağlıdır.

R.Aslanlı bazardakı törəmə alətlərin ticarətində artımın 4 milyard manatı üstələdiyin, cari ilin birinci rübündə bazardakı ticarətin 80%-ini təşkil etdiyini diqqətə çatdıraraq, növbəti rübdə də bu proseslərin davam edəcəyinə ümid bəslədiyini və kapital bazarlarının dayanıqlılığının qorunması üçün lazım olan əlavə tədbirlərin mütəmadi diqqət mərkəzində saxlandığını qeyd edib.

Sədr dünya bazarında neftin qiymətinin aşağı düşməsinin qlobal iqtisadiyyata çox sıx inteqrasiya olunmuş Azərbaycanın xarici valyuta gəlirlərinə təsir etdiyini, bununla yanaşı, ölkənin maliyyə sektorundakı fəaliyyətində fərqli aspektlərin müşahidə olunduğunu və bu sferada artımın təmin olunması üçün monetar siyasətdə dəyişikliyin zəruri olduğunu qeyd edib.

R.Aslanlı 2015-ci ilin 1-ci rübü ərzində dünyanın inkişaf etmiş iqtisadiyyatlarında maliyyə böhranının yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının özünün artım tempini qoruyub saxladığını bildirib.

Daha sonra "Kapital bazarlarının müasirləşdirilməsi" layihəsinin icra statusuna dair hesabat dinlənilib və bununla bağlı fikir mübadiləsi aparılıb.

Hesabat iclasını yekunlaşdıran Kollegiyanın sədri R.Aslanlı 2015-ci il üzrə struktur bölmələrin əməliyyat planlarında nəzərdə tutulan tədbirlərin vaxtında və effektiv icrasının təmin edilməsinə dair tapşırıqlarını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti