...

Kapital Bank ayın sonunadək gücləndirilmiş rejimdə çalışacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2015 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) tərəfindən sosial müavinətlərin və təqaüdlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənişi xidmətlərinin satınalması üzrə may ayında tender elan edilmişdi. Tenderdə Kapital Bank qalib seçilib və bu ilin iyul ayının əvvəlindən etibarən respublika üzrə bütün sosial müavinət və təqaüdlərin plastik kartlarla ödənilməsi xidmətinə başlanılıb.

Bankdan Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, müvafiq ƏSMM-lər Kapital Bankın şəhər və rayon filiallarına vətəndaşlar üçün plastik kartların hazırlanması və təqdim olunması ilə bağlı artıq sifarişlərini həyata keçiriblər.

Qeyd edək ki, bank, öz növbəsində, iyulun 16-dan etibarən plastik kartların paylanması prosesinə start verib. Hazırda bununla bağlı bankın 10 Bakı və 26 regional filialı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Artıq on minlərlə insan yalnız şəxsiyyət vəsiqəsi ilə Kapital Bankın müvafiq filialına yaxınlaşaraq növbəlik prinsipi ilə öz ödəniş kartlarını alıb və müvafiq vəsaitləri bankın bankomatlarından nağdlaşdıra bilib. Kartların verilməsini sürətləndirmək məqsədilə bankın müvafiq filiallarında iş qrafiki dəyişib. Belə ki, filiallar həftə içi saat 09:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 18:00-dək müştərilər üçün açıq olacaq. Qeyd edək ki, gücləndirilmiş iş rejimi iyul ayının sonunadək qüvvədə qalacaq.

Bankın mətbuat xidmətindən bildiriblər: "Bankın bu istiqamətdə keçirilmiş tenderdə qalib gəlməsi uğur olmaqla yanaşı, həm də məsuliyyət deməkdir və bizim üçün böyük şərəfdir ki, respublika əhəmiyyətli sosial layihələrin bir hissəsi ola bilirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti