...

Zahid Oruc: Azərbaycanın iqtisadi uğurlarını beynəlxalq miqyasda etiraf edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2015 13:01 (UTC +04:00)
Azərbaycan hökumətinin yürütdüyü düzgün iqtisadi siyasət ölkəmizi dünyada gedən iqtisadi böhrandan faktiki olaraq kənarda qoyub.
Zahid Oruc: Azərbaycanın iqtisadi uğurlarını beynəlxalq miqyasda etiraf edirlər

Azərbaycan, Bakı, 29 oktyabr /Trend Azər Niftiyev/

Azərbaycan hökumətinin yürütdüyü düzgün iqtisadi siyasət ölkəmizi dünyada gedən iqtisadi böhrandan faktiki olaraq kənarda qoyub. Bunu Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən aparılan sosial-iqtisadi islahatlar ölkəmizin daha da güclənməsinə səbəb olub: "Nəzər yetirsək görərik ki, dünyanın müxtəlif dövlətlərində, lap elə qonşu ölkələrin çoxunda ciddi sosial-iqtisadi problemlər hökm sürür. Ermənistanda əhali öz elementar maddi ehtiyaclarını ödəyə bilmir. Məcbur qalıb, mühacirətə üz tuturlar. Oxşar problemlər digər qonşu ölkələr üçün də xarakterikdir. Amma bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı inkişaf edir, həyata keçirilən məntiqi islahatların nəticəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir".

Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyasının hazırladığı hesabatda ölkəmizin mövqeyinin güclənməsindən danışan millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi sahədə qazandığı uğurları beynəlxalq miqyasda etiraf edirlər: "Hansı ölkədə daxili və xarici siyasət düzgün, müstəqil şəkildə həyata keçirilirsə, həmin ölkədə iqtisadi imkanlar da artır. Qeyri-neft sektoruna edilən yatırımlar ölkəmizin güclənməsimə, iqtisadi imkanların daha da artmasına gətirib çıxarıb".

Xatırladaq ki, Dünya Bankı və Beynəlxalq maliyyə korporasiyası "Doing Business -2016: Tənzimləyici sahədə Keyfiyyət və Səmərəliliyin Qiymətləndirilməsi" ilə bağlı hesabat yayıb.

"Doing Business -2016"nın hesabatına görə, sahibkarlıq fəaliyyətinin aparılmasının ümumi reytinqində ölkəmiz bu il 100 mümkün xaldan 67,8 xal toplayaraq 63-ci yeri tutur. Xatırladaq ki, 2015-ci ilin reytinqində 80-ci, 2014-ci ildə - 70-ci yeri tutan Azərbaycan "Doing Business"in reytinqində mövqeyini 17 pillə yaxşılaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti