Bakı. Trend:
Mərkəzi Bank (MB) tərəfindən "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlim keçiriləcək.
MB-dən Trend-ə verilən məlumata görə, Mərkəzi Bank və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən "Maliyyə Savadlılığı" layihəsi çərçivəsində 14 - 18 dekabr 2015-ci il tarixlərində tələbələr üçün "Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol" adlı müsabiqə xarakterli təlim keçiriləcək.
Təlimdə III və IV kurs tələbələri iştirak edə bilər. Qeydiyyat üçün CV-ləri 09.12.2015-ci il, saat 18:00-dək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Təlim 2 mərhələli olacaq. Birinci mərhələdə tələbələrə Mərkəzi Bank tərəfindən bank-maliyyə sisteminin fəaliyyətinə dair maarifləndirici seminar keçiriləcək.
Birinci mərhələdə seçilmiş tələbələr növbəti mərhələdə, yəni Əmanətlərin Sığortalanması Fondu, Amrahbank, "FINCA Azerbaijan" və YapıKredi Bank Azərbaycanda tədris səfərlərində və onların keçirəcəyi seminarlarda iştirak hüququ əldə edəcəklər.
Layihəni uğurla başa vurmuş tələbələr adları qeyd olunan qurumlarda təcrübəçi olmaq imkanı qazanacaqlar.
Daha ətraflı məlumat əldə etmək üçün +994 12 493 89 46 (daxili 101) nömrəsinə zəng edə bilərsiniz.