...

Azərbaycan və İran şirkətləri arasında avtomobil və dərman istehsalı üzrə 4 sənəd imzalanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2016 19:51 (UTC +04:00)
Aprelin 20-də Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.
Azərbaycan və İran şirkətləri arasında avtomobil və dərman istehsalı üzrə 4 sənəd imzalanacaq

Bakı. Trend:

Aprelin 20-də Azərbaycanın Astara şəhərində Azərbaycan və İran nümayəndə heyətlərinin geniştərkibli görüşü keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri - iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan və İran tərəfindən aidiyyəti qurumların yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan və İran arasındakı iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlərə dair müzakirələr aparılıb.

Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin və keçirdikləri görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verib. Bu gün təməli qoyulan Astaraçay üzərində dəmir yolu körpüsü də məhz həmin səfərin uğurlu nəticələrindəndir. Ümumilikdə isə Prezident İlham Əliyevin 2014-cü ilin aprelində İran islam Respublikasına səfərindən sonra ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlət Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub. Dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilib.

Qeyd edilib ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur.

Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür. Nazir Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan-İran əlaqələrinin vacib istiqamətlərindən olan nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi əlaqələrimizin genişlənməsinə öz töhfəsini verəcək. Dəhlizin önəmli halqalarından olan və bu gün təməli qoyulmuş Astaraçay üzərində dəmir yolu körpüsü Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, iqtisadi, ticarət və yükdaşımalar sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli olacaq. Vurğulanıb ki, 2016-cı ilin sonunadək Astaraçay üzərində dəmir yolu körpüsünün və Astara stansiyasından sərhədədək 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik xəttin və yükaşırma terminalının tikintisinin yekunlaşması nəzərdə tutulur.

Ölkələrimiz arasında energetika, neft-qaz, bankçılıq və s. sahələrdə əməkdaşlıq barədə məlumat verən nazir Ş.Mustafayev iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, nəqliyyat, kənd təsərrüfatı, sənaye, əczaçılıq, səhiyyə, turizm, ikitərəfli və tranzit yükdaşımalarının artırılması, İranın Şərq-Qərb dəhlizinə qoşulması, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yoluna birləşdirilməsi, Azərbaycanın sənaye parklarında İran investorlarının iştirakı, aqroparklarda əməkdaşlıq, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, İran şirkətlərinin Aktau Logistika Mərkəzindən istifadəsi və s. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Nazir qeyd edib ki, sabah Sumqayıt Kimya Sənaye Parkı, Azərbaycan İnvestisiya Şirkəti, "Azərsun Holdinq", İranın "Iran Khodro" və "Darou Pakhsh" şirkətləri arasında avtomobil və dərman istehsalı sahəsində müştərək layihələrin icrası ilə bağlı 4 memorandum imzalanacaq.

İranın rabitə və informasiya texnologiyaları naziri M.Vaezi ölkələrimiz arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib. Bildirilib ki, qısa müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün bir sıra işlər görülüb və Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımalar, turizm və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti