...

Azərbaycanda biznes inkubatorların fəaliyyəti ilə bağlı yeni TƏKLİF

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2017 10:59 (UTC +04:00)
Azərbaycan İqtisadiyyat Nazirliyi biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiya yaratmağı təklif edir.
Azərbaycanda biznes inkubatorların fəaliyyəti ilə bağlı yeni TƏKLİF

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan İqtisadiyyat Nazirliyi biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiya yaratmağı təklif edir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi" mövzusunda keçirilən tədbirdə deyib.

S.Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün həyata keçirilən davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi və ümumilikdə, sahibkar düşüncə tərzinin formalaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş və görüləcək işlər haqqında məlumat verib.

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin rəhbəri Akif Fərruxov Nazirliyin Quba-Xaçmaz və Aran Regional mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti, təşəbbüskar gənclərin iştirakı ilə həyata keçirilən tədbirlər və yeni imkanlardan danışıb.

Avropa Komissiyasının Azərbaycanda “Regionların inkişafına dəstək Qrant Proqramı” ilə bağlı həyata keçirilən layihənin ekspertləri “Sahibkarlığın inkişafı proqramları - biznes inkubatorlar: imkanlar, problemlər və vəzifələr” mövzusunda təqdimatla çıxış edib, biznes inkubatorların inkişafı, bu sahədə beynəlxalq təcrübə, Azərbaycanda bu sahədə aparılmış təhlillərin nəticələri barədə məlumat verib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov nazirlik tərəfindən keçirilən İnnovasiya Müsabiqəsi, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov startap layihələrinin dəstəklənməsi ilə bağlı təbdir iştirakçılarını məlumatlandırıblar.

Tədbir çərçivəsində ölkədə fəaliyyət göstərən biznes inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb və biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üçün İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu Komissiyanın yaradılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti