...

Dövlət Gömrük Komitəsinin başçısı BVF missiyası ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2006 12:50 (UTC +04:00)

Sentyabrın 1-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya ölkələri Departamentinin direktor müavini Vitali Kramarenkonun rəhbərlik etdiyi missiyanı qəbul edib. Qeyd edək ki, missiya avqustun 30-dan Azərbaycanda səfərdədir.

Trend in DGK-nın məlumatına istinadən verdiyi xəbərə görə, görüş zamanı A. Əliyev qonaqlara gömrük orqanlarının büdcə gəlirlərinin formalaşmasında rolu və müasir vergi siyasətinin yaradılmasına verdiyi töhfələr barədə ətraflı məlumat verib.

2006-cı ilin birinci yarısı üzrə statistik göstəricilərlə bağlı məlumat verən DGK sədri bildirib ki, Dövlət Gömrük Komitəsi üzrə 243,47 milyon manat müəyyənləşdirilmiş proqnoza qarşı 248,18 milyon manat məbləğində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 101,93% əməl olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 86,19 mln. manat və 53,21% çoxdur.

A. Əliyev ümidvar olduğunu bildirib ki, gömrük orqanları cari ilin qalan ayları, eləcə də 2007-ci il üzrə proqnozu layiqincə yerinə yetirəcəklər.

V. Kramarenko BVF ilə DGK arasında əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib. O, həmçinin gömrük komitəsinin işini yüksək qiymətləndirib, - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti